A

"Azərbaycan müəllimi" qəzeti

Azərbaycan Dövlət İqtisad Universitetində bu gündən Aptis diaqnostik xarici dil qiymətləndirmə imtahanları keçirilir. Bu imtahanlarda tələbələr universitetdə oxuduqları 2 ildə ingilis dili üzrə hansı səviyyəyə çatdıqlarını göstərəcəklər. Maliyyə və mühasibat fakültəsinin, Beynəlxalq İqtisadiyat Məktəbinin, SABAH qruplarının tələbələri universitetin əsas binasında, İqtisadiyyat və idarəetmə, Türk dünyası iqtisad fakültələrinin, Rus İqtisad Məktəbinin tələbələri universitetin II tədris binasında, Biznes və Menecment Məktəbinin tələbələri IV korpusda imtahan verəcəklər.

UNEC tələbələri beynəlxalq imtahanın həyəcanını yaşayırlar

İmtahanların ilk günündə universitetin Murtuza Muxtarov küçəsindəki binasında keçirilən imtahanlarda Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin, UNEC Dizayn Məktəbinin tələbələri iştirak edirlər. Səhər saat 9-da ilk sessiya başlayıb. İştirakçılıq yüksək səviyyədədir. İmtahanda iştirakı nəzərdə tutulanlardan sadəcə bir tələbə yoxdur. Yoldaşları onun xəstələndiyi üçün imtahana gəlmədiyini bildirirlər. 

II sesiyada iştirak edəcək tələbələr dəhlizdə göləyirlər. Aysun Tapdıqova onlardan biridir. O, Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsidir: “Çoxdan hazırlaşdığımız Aptis diaqnostik xarici dil qiymətləndirmə imtahanına girəcəyəm. Təbii ki həyəcanlıyam, amma  bu imtahana yaxşı hazırlaşmışam. Düşünürəm ki, imtahan mənim üçün çətin olmayacaq”. Aysun deyir ki, öz universitetində beynəlxalq imtahan verməyin həyəcanı fərqlidir: “Beynəlxalq imtahana giririk. UNEC tələbəsi kimi uğurlarımız artır. Bu imtahanın bizə çox böyük üstünlüklər qazandıracağını düşünürəm”.

I sessiya üçün ayrılan vaxt bitir. Tələbələr imtahandan çıxırlar. Aqşin Ağaşirinov onlardan biridir. O,  UNEC-də “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alır: “İmtahan çox yaxşı keçdi. Əlbəttə ki, həyəcan vardı. Beynəlxalq imtahanda iştirak etmək böyük məsuliyyətdir. Amma həyəcanımı idarə etdim, sualları cavablandırdım. Dinləmədə çətinlik çəkdim. Son suallar xüsusilə çətin idi. Buna baxmayaraq, yaxşı nəticə əldə edəcəyimi düşünürəm”. Aqşin deyir ki, Aptis  tanınan imtahandır: “Bu imtahanın nəticəsində alacağımız sertifikat gələcəkdə müraciət edəcəyimiz yerlərdə bizə üstünlük qazandıracaq”.

Validə Abdullayeva da imtahandan uğurla çıxdığını deyir. O, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alır:  “Suallar çox maraqlı, imtahan isə həyəcanlı idi. Dinləyib-anlama bacarığını yoxlayan suallarda çətinliyim oldu”. 

Ədalət Muradov: “Bu qiymətləndirmə obyektiv olacaq”

İkinci seans başlayır. Rektor Ədalət Muradov da burdadır. İmtahana start verilmədən əvvəl tələbələri ilə görüşüb, onlara uğur arzulayıb: “Gəldim sizin yanınızda olum və  sizi əmin edim ki, bu qiymətləndirmə obyektiv olacaq. Bu imtahanların nəticəsinin universitetimizin müəllimlərinə verdiyiniz imtahanların nəticələrindən daha yaxşı olacağına əmin ola bilərsiniz”.

Ədalət Muradov yenilik olacaq bu imtahanlarda çatışmazlıqların olacağını da istisna etməyib: “Amma həmin problemləri bizə bildirdiyiniz halda aradan qaldıracağımıza əmin ola bilərsiniz. Hər birinizin qarşılaşdığınız problemə diqqət və qayğı ilə yanaşmaq məsuliyyətini öz üzərimə götürürəm. Yetər ki, siz xarici dili öyrənin”.
Ədalət Muradov tələbələrin ingilis dilini bilməməyinin yaratdığı problemlərə toxunub: “İngilis dilində dərs deyən professorları universitetimizə dəvət edəndə Azərbaycan dilində oxuyan tələbələrimiz kənarda qalır. Onlar magistraturada təhsil almaqda çətinlik çəkir,  mübadilə proqramlarında iştirak edə bilmirlər. Düşünürük ki, bu problemləri həll edək. Universitetimizin ingilis dili müəllimlərinin əksəriyyəti sertifikatlı müəllimlərdir. Çox az müəllimimizin sertifikatı yoxdur. Müəllimlərimizin ingilis dilində bilik səviyyəsi kifayət qədər yüksəkdir və bu baxımdan UNEC-in İngilis dili kafedrası ölkə üzrə güclülər sırasındadır”.  

UNEC tələbələrinə təqdim edilən sertifikatlar müddətsizdir

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva “Azərbaycan müəllimi”nə bildirib ki, Aptis imtahanı 4 bacarıq üzrə qiymətləndirir. Nəticələr 72 saatdan sonra elan olunacaq. O, UNEC-lə ilk əməkdaşlıqlarının uzun illərdir davam etdiyini bildirib: “Universitetin müəllim heyəti ilə çalışırıq, burada İELTS Mərkəzi yaratmışıq. 2 ilə yaxındır ki, Ədalət Muradov bu təşəbbüsü irəli sürüb. Universitetdən gələn bu təşəbbüsü dəstəklədik. “British Council” icraçı partnyordur”. Çox şadıq ki, yeni təşəbbüsün reallaşması istiqamətində də ilk addım atdıq. II kurs tələbələri üçün keçirilən imtahanları Britaniya Şurası, “British Council” komandası həyata keçirir. Peşəkar komandamız prosesi uğurla təşkil edir”. N.Hacıyeva məlumat verib ki, “British Council”un fəaliyyətinin əsas hissəsi ingilis dilinin tədrisi və qiymətləndirməsidir. Aptis imtahanlarını 100-dən çox ölkədə keçirdiklərini deyən direktor bildirib ki, “British Council” Azərbaycanda fəaliyyət göstərdiyi 33 il ərzində fərqli dövlət ali təhsil müəssisələri ilə birgə ingilis dilinin tədrisi və qiymətləndirməsini həyata keçirir. UNEC tələbələrinə təqdim edilən sertifikatlar müddətsizdir: “Digər beynəlxalq imtahanlardan fərqli olaraq bu imtahanın nəticəsi müddətsizdir”.

Universitetin tələbəsi olmadan bu qiymətləndirmədə iştirak etmək mümkün olacaq

“British Council”un Cənubi Qafqaz ölkələri üzrə imtahanlar departamentinin rəhbəri Nərgiz Əkbərova “Azərbaycan müəllimi”nə bildirib ki, UNEC nəzdində əməkdaşlıq qurularsa, UNEC tələbəsi olmayan şəxslər üçün də bu imtahanları təşkil etmək mümkün olacaq: “Bu sessiyanı uğurla başa çatdırdıqdan sonra o modelə də keçmək olar. İspaniyada bu model yaxşı inkişaf edib. Hazırda bazarda keyfiyyətli diaqnostik test yoxdur. IELTS diaqnostik deyil, akademik testdir. Ona görə də belə bir şəraiti fərdi şəkildə UNEC-in təklif etməsinin məqsədəuyğun olduğunu düşünürük”.

Bu il imtahanda 3000-dən çox tələbə iştirak edəcək

İmtahan prosesi çərçivəsində ümumilikdə 13 imtahan sessiyası təşkil olunacaq və imtahanlar ayın 19-da yekunlaşacaq. Bu il imtahanda 3000-dən çox tələbə iştirak edəcək. 

Tələbələrin biliyi minimum B1 səviyyəsi üzərindən qiymətləndiriləcək.

Nəticələr əsasında sertifikatlar tələbələrə onlayn şəkildə göndəriləcək. İmtahanlarda uğur qazana bilməyənlərə ikinci dəfə də ödənişsiz imtahan vermək şansı veriləcək.

Təhsil TV   

TOP XƏBƏRLƏR