ADİU Zaqatala filialı – 10
2026-cı il Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı üçün əlamətdar tarixdir. Fəaliyyətinin 10-cu ildönümünü qeyd edən filial ötən dövr ərzində qazandığı uğurlar, həyata keçirdiyi yeniliklər və regionun inkişafına verdiyi töhfələrlə diqqət çəkir.
Zaqatala filialı bir əsrdən artıq tarixə malik təhsil ənənələrinin davamçısıdır. Təhsil ocağının əsası 1920-ci ildə pedaqoji texnikum kimi qoyulmuş, 1960-cı illərin sonlarından etibarən Zaqatala Politexnik Texnikumu adı ilə fəaliyyətini davam etdirmişdir. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə təhsil müəssisəsinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı yaradılmışdır. 2016-cı ildə isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialının bazasında UNEC Zaqatala filialı fəaliyyətə başlamışdır. Filial yeni inkişaf mərhələsinə qədəm qoysa da, zəngin tarixi ənənələri qoruyaraq bu gün də regionda ali təhsilin inkişafına mühüm töhfələr verir. Filialın yaradılmasında əsas məqsəd regionlarda ali təhsilin əlçatanlığını artırmaq, yüksək ixtisaslı mütəxəssislər hazırlamaq və mövcud təhsil potensialından daha səmərəli istifadəni təmin etməkdir.
İqtisad Universitetinin Zaqatala filialı bölgənin mühüm elm və təhsil mərkəzlərindən biridir. Filialın inkişaf dinamikası qəbul göstəricilərində də aydın şəkildə özünü göstərir. Fəaliyyətə 2016/2017-ci tədris ilində 113 tələbə ilə başlayan filiala növbəti illərdə maraq davamlı şəkildə artmışdır.
Hazırda filialda, ümumilikdə, 1606 tələbə biznesin idarə edilməsi, mühasibat, maliyyə, iqtisadiyyat, marketinq, menecment, dövlət və bələdiyyə idarəetməsi, informasiya texnologiyaları və turizm işinin təşkili ixtisasları üzrə əyani və qiyabi təhsil alır. Sevindirici haldır ki, hazırda filialımızda respublikanın bütün şəhər və rayonlarından tələbələr oxuyurlar.
2016-cı il sentyabrın 15-də Zaqatala filialında ilk Bilik Günü keçirilib. Mərasimdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov iştirak edib, tələbə və valideynlərlə görüşərək universitetdə şəffaflıq, obyektivlik və keyfiyyətli təhsil prinsiplərinin əsas fəaliyyət istiqamətləri olduğunu vurğulayıb. Bu tədbir filialın fəaliyyət tarixində mühüm mərhələ kimi yadda qalıb.
2020-ci ildə filialın ilk məzunları ali təhsillərini uğurla başa vuraraq məzun adını qazanıblar. İlk məzunların əmək bazarına qədəm qoyması filialın region üçün ixtisaslı kadr hazırlığı missiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir.
Filialın inkişaf strategiyası “UNEC-100” inkişaf strategiyasına uyğun olaraq formalaşdırılıb. Strateji Fəaliyyət Planında keyfiyyətli ali təhsilin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, əmək bazarı ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, sosial xidmətlərin təkmilləşdirilməsi, müasir idarəetmə sisteminin qurulması və yüksək reytinqli təhsil müəssisəsinə çevrilmək kimi əsas hədəflər müəyyənləşdirilib.
Ötən illər ərzində filialın təhsil imkanları da əhəmiyyətli dərəcədə genişlənib. Əvvəlcə 4 ixtisas üzrə fəaliyyət göstərən təhsil müəssisəsində hazırda əyani və qiyabi təhsil formaları üzrə iqtisadiyyat, maliyyə, mühasibat, biznesin idarə edilməsi, menecment, marketinq, turizm işinin təşkili, informasiya texnologiyaları, dövlət və bələdiyyə idarəetməsi daxil olmaqla 9 ixtisasda kadr hazırlığı həyata keçirilir.
2026/2027-ci tədris ili üzrə qəbul planı çərçivəsində yeni ixtisasların açılması da nəzərdə tutulur. Filialın inkişaf strategiyasına uyğun olaraq “Beynəlxalq ticarət və logistika”, “Kompüter mühəndisliyi” və “Sosial iş” bakalavr proqramlarının, eləcə də “Biznesin təşkili və idarə edilməsi” və “Maliyyə” magistr proqramlarının açılması istiqamətində müvafiq təkliflər hazırlanmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər regionun əmək bazarının ehtiyaclarına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına əlavə imkanlar yaradacaq.
Qəbul göstəricilərinin təhlili göstərir ki, əyani təhsil üzrə keçid balları əsasən 150–200 bal intervalında dəyişir. Maliyyə, iqtisadiyyat, mühasibat və informasiya texnologiyaları ixtisaslarında minimal keçid balı 200, biznesin idarə edilməsi ixtisasında 173,2, marketinq və turizm işinin təşkili ixtisaslarında isə 150 baldır. Qiyabi təhsil üzrə də əksər ixtisaslarda minimal keçid balı 200 bal olmaqla, bəzi ixtisaslarda 157,9–174,1 bal intervalında dəyişir.
Təhsil haqları da ixtisaslar üzrə diferensial şəkildə müəyyən olunmuşdur. Əyani təhsil üzrə illik təhsil haqqı əksər ixtisaslarda 1200, maliyyə ixtisasında isə 1300 manat təşkil edir. Qiyabi təhsil formasında isə əksər ixtisaslarda illik təhsil haqqı 1450, maliyyə ixtisasında 1500 manatdır.
Tədris və imtahan prosesləri tam elektronlaşdırılıb. Müasir avadanlıqlarla təchiz edilmiş 65 yerlik imtahan zalı imtahanların şəffaf və obyektiv keçirilməsinə imkan yaradır. UNEC Elektron Universitet Modeli – EDUMAN platforması vasitəsilə tələbələr dərs cədvəllərinə, sillabuslara, mühazirə materiallarına, imtahan cədvəllərinə, fərdi tədris planlarına və digər elektron xidmətlərə rahat çıxış əldə edirlər.
Rəqəmsallaşma istiqamətində həyata keçirilən işlər yalnız elektron imtahan sistemi ilə məhdudlaşmır. Filialda bütün auditoriyalar elektron kürsülər və müasir proyektorlarla təchiz olunmuş, müəllim və tələbələr üçün şəxsi elektron kabinetlər yaradılmışdır. Elektron dərs cədvəlləri, sillabuslar, mühazirə materialları, elektron jurnallar, kollokvium və imtahanların təşkili, elektron apellyasiya sistemi, məmnunluq sorğuları və elektron sənəd dövriyyəsi vahid platforma üzərindən idarə olunur. Filiala giriş-çıxış turniket sistemi vasitəsilə elektron qaydada tənzimlənir, “bir pəncərə” xidməti isə tələbələrə göstərilən xidmətlərin operativliyini daha da artırır. Bu sistem vasitəsilə müxtəlif təhsil sənədlərini onlayn sifariş etmək mümkündür.
Son illərdə kitabxana infrastrukturunun yenilənməsi istiqamətində də mühüm işlər görülüb. Müasir oxu zalı istifadəyə verilib, kitabxanada turniket sistemi quraşdırılıb, “coffee corner” guşəsi yaradılıb, pulsuz internet xidməti təmin olunub. Eyni zamanda, kitab fondu sistemləşdirilib və elektron kitabxana resurslarına çıxış imkanları genişləndirilib. 2024-cü ilin oktyabr ayından etibarən universitet ərazisində tələbələr üçün ödənişsiz Wi-Fi xidməti istifadəyə verilib. Filialın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr sırasında Tələbə Evi və müasir idman zalı xüsusi yer tutur. Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə istifadəyə verilən Tələbə Evi tələbələrin rahat yaşayışı üçün bütün zəruri şəraitlə təmin olunub. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün xüsusi otaqlar ayrılıb, bina yüksək sürətli internet və elektron giriş sistemi ilə təchiz edilib.
Tələbələrin sağlam həyat tərzinin təşviqi məqsədilə yaradılan və ümumi sahəsi 535,1 kvadratmetr olan müasir idman zalında basketbol, voleybol və fitnes məşğələlərinin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunan yeni İKT otağı istifadəyə verilib.
Elmi fəaliyyət sahəsində də müsbət nəticələr əldə olunub. Son illər əməkdaşlarımızın, ümumilikdə, 15 elmi məqaləsi “Scopus” bazasında indekslənən nüfuzlu jurnallarda dərc edilmiş, onlardan biri Q2 kvartilli beynəlxalq jurnalda çap olunmuşdur. Bununla yanaşı, filialın əməkdaşları bir beynəlxalq layihədə, iki beynəlxalq tədqiqat qrupunda iştirak etmiş, üç beynəlxalq elmi seminar və üç beynəlxalq təlim proqramında təmsil olunmuşlar.
Filialın inkişafında beynəlxalq əməkdaşlıq da mühüm istiqamətlərdəndir. Son illərdə Türkiyənin İsparta Tətbiqi Elmlər Universiteti, Sakarya Universiteti, Bolu Abant İzzet Baysal Universiteti, Süleyman Dəmirəl Universiteti və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. Bu, müəllim və tələbə mübadiləsi, birgə layihələr və elmi fəaliyyət istiqamətlərində yeni imkanlar açıb. Akademik mobillik sahəsində də mühüm nəticələr əldə olunmuşdur. Belə ki, filialın 3 müəllimi xarici universitetlərdə, 2 müəllimi isə ölkədaxili ali təhsil müəssisələrində tədris fəaliyyəti həyata keçirmişdir. Eyni zamanda, 4 müəllim və 1 tələbə Orhun Mübadilə Proqramına qəbul olunmuş, xarici beynəlxalq təcrübə mübadiləsi genişləndirilmişdir.
2025–2026-cı tədris ilində Türkiyə Respublikasından iki tələbənin informasiya texnologiyaları ixtisası üzrə UNEC Zaqatala filialına qəbul olunması filialın xarici tələbələr üçün də cəlbedici təhsil müəssisəsinə çevrildiyini göstərir.
Filialın məzunları bu gün ölkənin dövlət və özəl sektorunda uğurla fəaliyyət göstərirlər. Məzunlarımız UNEC-də, Kapital Bank ASC-də, TuranBank ASC-də, Viking Group şirkətində və digər nüfuzlu müəssisələrdə müxtəlif məsul vəzifələrdə çalışırlar. Onların peşəkar fəaliyyətləri UNEC Zaqatala filialında verilən təhsilin keyfiyyətinin və əmək bazarının tələblərinə uyğunluğunun bariz göstəricisidir.
Filialın 10 illik yubileyi münasibətilə 3 iyul 2026-cı il tarixində “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələrinin, alim və tədqiqatçıların iştirakı nəzərdə tutulur. Yubiley tədbirləri çərçivəsində yeni yaradılmış Turizm otağının, Əməkdar elm xadimi, professor Məsud Əfəndiyevin adını daşıyan auditoriyanın və yeni İKT otağının açılışı olacaq.
Bu gün UNEC Zaqatala filialı regionun sosial-iqtisadi inkişafına töhfə verən mühüm elm və təhsil mərkəzidir. 10 il ərzində əldə olunan nailiyyətlər, formalaşdırılan müasir infrastruktur, yetişdirilən peşəkar məzunlar və müəyyənləşdirilmiş strateji hədəflər filialın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Raqif QASIMOV,
UNEC Zaqatala filialının direktoru, dosent