A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Narkomaniyaya və insan alverinə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, bütün dünyada narkomaniyaya və insan alverinə qarşı mübarizənin ən vacib və aktual məsələlərdən biri olduğunu bildirib və bu prosesdə aidiyyəti dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə yanaşı maarifləndirmə işlərinin də aparılmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil, SN Legal Company MMC-nin təsisçisi və direktoru Samir Əliyev “Narkomaniyaya və insan alverinə qarşı mübarizədə gənclərin rolu” mövzusunda çıxış edərək, müasir dövrün böyük narahatlıq törədən problemlərindən biri narkomaniya və insan alveri və onlara qarşı aparılan mübarizənin olduğunu bildirib, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında danışıb, narkotik maddə qəbul edən insanın psixoloji durumunun pisləşdiyini, bir çox orqanlarının zədələndiyini, Hepatit C və QİÇS kimi ölümcül xəstəliklərin məhz narkotik maddənin mütəmadi qəbulu nəticəsində yarandığını qeyd edib və narkotik vasitələrə qarşı mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirdə “insan alveri” anlayışının mahiyyəti açılaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından söhbət getdiyi bildirilib, insan alverinin müxtəlif formalarından söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay