UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və UNEC-in Rəqəmsal texnologiyalar departamentinin direktoru Elvir Əşrəfov, Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzinin direktoru Dönməz Xəlilov, həmçinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Fərid Qafarlı ilə görüş keçiriblər.
Görüş zamanı UNEC-in 5 milyon resursdan ibarət zəngin yerli və beynəlxalq elmi bazaya malik elektron kitabxanasının Qarabağ Universitetinin müəllim və tələbələri üçün açıq olması məsələsi müzakirə olunub. Bununla yanaşı, təşəbbüsün hüquqi və texniki tərəfləri ətraflı nəzərdən keçirilib, hər iki universitetin kitabxanaları arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, UNEC-də keçirilən “Elm Günləri” çərçivəsində universitetin rektoru, professor Ədalət Muradov Qarabağda təhsilin inkişafına dəstək məqsədilə bir sıra təşəbbüslərlə çıxış edib. Rektor şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə etdiyini və UNEC-in 5 milyonluq elektron kitabxana resurslarının Qarabağ Universitetinin müəllim və tələbələri üçün tam açıq olacağını bildirib.
Sonda tərəflər arasında elmi informasiya mübadiləsinin genişləndirilməsi və rəqəmsal kitabxana imkanlarından birgə istifadənin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi qərara alınıb.