A

Polşa Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Katovitse İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva qonaq məruzəçi qismində çıxış edib.

Müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən bu elmi platforma akademik fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Nərgiz Hacıyeva çıxışı zamanı ilk olaraq UNEC-in elmi jurnallarını təqdim edərək, onların beynəlxalq elmi mühitdə mövqeyi, indekslənmə perspektivləri və akademik tədqiqatların yayılmasındakı rolu barədə ətraflı məlumat verib. Xüsusilə, UNEC-in elmi nəşrlərinin beynəlxalq əməkdaşlıq platforması kimi çıxış etməsi və xarici tədqiqatçıların cəlb olunmasındakı rolu vurğulanıb.

Sonra baş redaktoru olduğu Journal of Gender, Knowledge and Social Futures jurnalını konfrans iştirakçılarına təqdim edib, jurnalın elmi istiqamətləri, multidissiplinar yanaşması, gender, sosial inkişaf və bilik istehsalı sahələrində aparılan tədqiqatların əhəmiyyətini izah edib. Polşalı redaktorlarla əməkdaşlıq çərçivəsində jurnalın beynəlxalq akademik şəbəkələrdə mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlər xüsusi qeyd olunub.

Təqdimatın əsas hissəsi Nərgiz Hacıyevanın elmi tədqiqatına həsr olunub. “Can Education Spark a Revolution? Exploring How Sustainable Entrepreneurship Transforms Women’s Role in Azerbaijan’s Labor Market” çıxışında təhsil və davamlı sahibkarlığın qadınların əmək bazarındakı roluna təsirini təhlil edib, qadınların iqtisadi fəallığının sosial inklüzivlik və davamlı inkişaf üçün əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, onun iştirak etdiyi beynəlxalq elmi layihələr, o cümlədən qadın sahibkarlığı üzrə Nazarbayev Universiteti ilə birgə həyata keçirilən kitab layihəsi və “Odlar Yurdunun Yeddi Portreti” əsəri də təqdim olunub. Bu təşəbbüslərin regional və elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

TOP XƏBƏRLƏR