A

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Qeyd etmək istərdim ki, əsas məqsədlər sırasına ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad olunmuş ərazilərdə yenidənqurma və bərpa prosesində genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bundan əlavə Qarabağ iqtisadi zonası strateji baxımından geniş perspektivliyə malik olduğundan gələcəkdə ölkəmiz üçün iqtisadi üstünlüyə nail olması ilə nəticələnəcəkdir.

Bəs COP 29 və Yaşıl iqtisadiyyatla bağlı tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə hansı perspektivlikləri müəyyən edə bilər?

Ermənistanın törətdiyi ekoterror siyasəti işğaldan azad olunmuş ərazilərdə flora-fauna sisteminin pozulmasına və torpaqların bir hissəsinin yararsız vəziyyətə düşməsinə səbəb olub. Uzun illər düşmən tərəfindən törədilən bu məqsədli ekoloji ziyanın aradan qaldırılması istiqamətində torpaqların çirklənmədən təmizlənməsi, meşələrin və su hövzələrinin bərpası və digər istiqamətdə aparılan əsas tədbirləri göstərmək olar.

Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərin füsunkar təbiəti, günəş və külək enerjisindən istifadə imkanları burada bərpa olunan enerji infrastrukturunun quruluması nəticəsində həm ekoloji təmiz enerji istehsalını təmin edər, həm də yerli iqtisadiyyata müsbət təsir göstərə bilər. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir, bu da davamlı enerji infrastrukturunun qurulmasında çox önəmlidir.

Gözəl təbiəti olan torpaqlara əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası orada turizmin inkişaf strategiyasının hazırlanıb  həyata keçirilməsini aktual edir. Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Təbiətin rəngarəngliyi, hər rayonun özünəməxsus turizm potensialından daha səmərəli istifadə etməyə imkan verir. Məsələn, Kəlbəcər rayonunda təbiət, mədəniyyət, sağlamlıq, qış turizmi məhsullarının daha çox inkişaf etdirilməsi planlaşdırılır. Şuşada isə önəmli məqam tarixi-mədəni abidələrin, resursların tanıtımı, festivalların keçirilməsi üzərində turizm planları var. Həmçinin Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli-Ağdam-Cəbrayılda isə mədəniyyət turizmi inkişaf etdirilə bilər. Qarabağda 3 hava limanının tikilməsi Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə, səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır.

Eyni zamanda, regionda mövcud olan potensial və təbii-relyef xüsusiyyətləri nəzərə alınaraq üzümçülük, tütünçülük, baramaçılıq və arıçılıq sahələrinin bərpası və genişləndirilməsi, heyvandarlığın yem təminatı baxımından mövcud olan otlaq və biçənəklərin mövcudluğu, eyni zamanda taxıl və yem bitkiləri əkinlərinin də genişləndirilməsi hesabına aqroekoloji layihələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Sonda, prezident İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.

Teymur Allahverdiyev,

Azərbaycan Dövlət İqtisad Universiteti,

Biznes və menecment fakültəsi

942 saylı qrup tələbəsi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay