A

UNEC-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ölkəmizin ev sahibliyi etməsi və Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyəti barədə maarifləndirici tədbir keçirilib.

Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli tələbələrlə yanaşı, UNEC-in əcnəbi tələbələri də iştirak edib.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov tədbiri açaraq, Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Prorektor təşkilatın miqyası, onun siyasi və iqtisadi potensialı, o cümlədən dünya siyasətinə təsir imkanları nəzərə alınmaqla, bu Zirvə Görüşünün  müstəqil Azərbaycanın tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olduğunu vurğulayıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev məruzə ilə çıxış edib. XİN-nin rəsmisi bildirib ki, ölkəmizin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi Prezident İlham Əliyevin müdrik və balanslaşdırılmış siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeləri, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub. Y.Rəfiyev Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu, həmçinin gələcəyi barədə çıxış edib, sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetlərini tədbir iştirakçılarına çatdırıb.

Tədbirdə, həmçinin, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli də iştirak edərək, qrant proqramının əhəmiyyətindən danışıb, hər il daha çox əcnəbi namizədin proqrama müraciət etdiyini  bildirib.

Qeyd edək ki, 2018/2019-cu tədris ilində təhsil qrantı hesabına doqquz əcnəbi tələbə (3 bakalavr, 5 magistr və 1 nəfər doktorant) UNEC-ə qəbul olub. 2019/2020-ci tədris ilində isə müvafiq qrant hesabına 7 tələbə (2 bakalavr, 3 magistr, 2 doktorant) UNEC-də təhsil almaq hüququ qazanıb. Onlardan 3 nəfəri İslam Əməkdaşlıq Təşkilatından üzv dövlətin, 13 nəfər isə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarıdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay