A

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Milli Dirçəliş Günü: Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcı” mövzusunda seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Hafis Hacıyev Milli Dirçəliş Gününün Azərbaycanın azadlıq və müstəqillik tarixindəki mühüm yerindən danışıb. O, 1988-ci il noyabrın 17-də xalqımızın azadlıq və milli suverenlik uğrunda nümayiş etdirdiyi birliyin milli şüurun oyanışına, müstəqillik yolunun başlanğıcına çevrildiyini qeyd edib. Həmçinin vurğulayıb ki, həmin dirçəliş ruhu bu gün də müstəqil dövlətimizin möhkəmlənməsinə və inkişafına xidmət edir.

“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova “Milli Dirçəliş Günü: Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Dirçəliş Gününün xalqımızın tarixində azadlıq, milli özünüdərk və istiqlal ideyalarının rəmzi olduğunu qeyd edib. Dosent Həsənova 1988-ci il noyabrın 17-də sovet rejiminə qarşı baş qaldıran hərəkatın milli kimliyin, dilin və mədəni dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin gənc nəslin bu tarixi günün mənəvi dəyərlərini yaşadaraq azərbaycançılıq ideyalarına sadiq qalmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay