YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov açılışda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Görkəmli dövlət xadimi xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdiyini vurğulayıb. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atdığını çıxışında qeyd edib.
Sonra “Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”, həmin kafedranın müəllimi Nərminə Namazova isə “Heydər Əliyevin Azərbaycan mədəniyyətində müstəsna xidmətləri” adlı mövzularda çıxışlar ediblər.