YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımına Heydər Əliyev tərəfindən siyasi hüquqi qiymətin verilməsi” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Xocalı soyqırımının yalnız Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün dərin izlər buraxmış bir faciə olduğunu vurğulayıb. O, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini diqqətə çatdırıb. Ümummilli liderin apardığı diplomatik fəaliyyət sayəsində Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını bildirən Ş.Əsgərov, bu siyasətin Azərbaycanın haqq mübarizəsinin dünyaya çatdırılmasında mühüm bir addım olduğunu deyib. O, Xocalı faciəsinin qurbanlarının qanının yerdə qalmadığını diqqətə çatdıraraq, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Xocalının işğaldan azad edildiyini, hazırda Azərbaycan bayrağının orada qürurla dalğalandığını bildirib.
Sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov çıxış edərək, qanlı faciənin baş vermə tarixindən, ağır nəticələrindən danışıblar. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olmaqla, 613 nəfərin öldürüldüyünü, 1275 nəfər dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığını deyiblər. Çıxış edənlər 1992-ci ildə törədlimiş qanlı cinayətə yalnız 1994-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini və 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğunu diqqətə çatdırıblar. Millət vəkilləri bu soyqırımın beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda hər zaman mühüm yer tutduğunu deyiblər.
Tədbirdə Xocalı facəsinin törədilməsi, bu cinayətə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin çıxışlarının yer aldığı videoçarx nümayiş olunub. Tədbir Yaradıcılıq Mərəzinin üzvləri, Maliyyə və mühasibat fakültəsinin tələbələri Rəvan Əliyevin və Rəfiqə Caniyevanın Xocalıya həsr olunan şeirlər səsləndirmələri ilə yekunlaşıb.