A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə professor-müəllim heyətini, tələbə və məzunlarını səmimi-qəlbdən təbrik edir, daha böyük uğurlar və davamlı inkişaf arzu edirəm!

XX əsrin əvvəllərində əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti ötən müddət ərzində böyük inkişaf yolu keçərək nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın iqtisadi düşüncə mərkəzlərindən birinə çevrilmişdir. Universitet Azərbaycanda müasir iqtisadi təfəkkürün və elminin formalaşmasına, ölkə iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermişdir. UNEC-in innovativ yanaşmalara əsaslanan, gənclərin hərtərəfli inkişafına, bilik, bacarıqlarının artırılmasına yönəlmiş təlim-tədris prosesi peşəkar iqtisadçı kadrların və alimlərin yetişdirilməsində mühüm rol oynamışdır. Elm və təhsildəki uğurları ilə yanaşı, İqtisad Universiteti sahibkarlıq təfəkkürünün formalaşdırılması və gənclərin biznes sahəsində, maarifləndirilməsi sahədə də aparıcı mövqeyə malikdir. Bu baxımdan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq universitetlə sıx əməkdaşlıq edirik. Birgə fəaliyyətimiz biliklərin real iş dünyasında tətbiqinə, tələbələrin nəzəri və praktiki bacarıqlarının təkmilləşdirilməsinə geniş imkanlar açır. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki hazırda ölkənin iqtisadi, sosial və siyasi həyatında fəal rol oynayan peşəkar kadrlar arasında UNEC-in məzunları az deyil. KOBİA-nın əməkdaşları arasında da xeyli sayda UNEC məzunları var.

Fəxrlə deyə bilərəm ki, mən bu nüfuzlu ali təhsil ocağının məzunuyam. Burada qazandığım bilik və bacarıqlar peşəkar fəaliyyətimin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Universitetin qazandığı uğurları hər zaman diqqətlə izləyir, bu nailiyyətlərin ölkəmizin elm və təhsil sahəsindəki inkişafına verdiyi töhfəni yüksək qiymətləndirirəm. İnanıram ki, gələcəkdə universitetin nailiyyətləri və cəmiyyətimizə qazandırdığı ixtisaslı peşəkar kadrların sayı yüksələn xətlə artmaqda davam edəcəkdir. Universitetin professor-müəllim heyətini, tələbə və məzunlarını  yubiley münasibətilə bir daha şəxsən öz adımdan və KOBİA  ailəsi adından təbrik edir, bu şərəfli və məsuliyyətli yolda davamlı uğurlar arzulayıram!

TOP XƏBƏRLƏR