YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın dövlət suverenliyi” mövzusunda elmi-praktik tədbir keçirilib.
Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən danışıb. O, qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan müstəqilliyin ilk illərində qarşılaşdığı çətinlikləri aradan qaldıraraq, qısa müddətdə inkişaf və tərəqqi yoluna qədəm qoyub.
Ş.Əsgərov həmçinin Dövlət Suverenliyi Gününün ölkəmizdə müasir tariximizin ən mühüm dönüş nöqtələrindən biri olaraq qeyd olunduğunu deyib. O, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçiliyimizin möhkəmlənməsinə verilən xüsusi önəmin bariz göstəricisi olduğunu vurğulayıb.
Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov, institutun müəllimi, i.f.d. Aytac Hacıyeva, UNEC-in “Biznes və logistika” kafedrasının dosenti Hicran Muradova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi modelindən, həmçinin Ulu Öndərin dövlətçilik konsepsiyasının elmi əsaslarından danışıblar.