Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının 80 illik yubileyinə həsr olunan “Gələcək üçün Gənclər Dialoqları” adlı tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, professor Ədalət Muradov, BMT-nin rezident koordinatoru Vladanka Andreeva, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, BMT-nin Qida və Kənd Təsərrüfatı təşkilatının Azərbaycan üzrə rəhbəri Nasar Hayat və tələbələr iştirak ediblər.
Açılışda çıxış edən rektor Ədalət Muradov BMT-nin 80 illik yubileyi çərçivəsində UNEC tələbələri ilə görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. Rektor tədbirin əlamətdar günə təsadüf etdiyini diqqətə çatdıraraq, bu gün açıqlanan Times Higher Education (THE) Dünya Universitetləri Reytinqində UNEC-in ilk dəfə olaraq yer aldığını, reytinqdə Cənubi Qafqazın və Azərbaycanın birinci universitet olduğunu, dünyanın isə ən yaxşı 801-1000 universiteti sırasına yüksəldiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə əldə olunan uğurları diqqətə çatdıran rektor, UNEC-in bu istiqamətdə ölkənin ən yaxşı ikinci universitet olduğunu, gələcəkdə mövqeyini daha da gücləndirəcəyini deyib.
Rektor görüşün tələbələr üçün əhəmiyyətindən də söz açıb: “Bu cür müzakirələr tələbələrə öz fikirlərini ifadə etmək, analitik düşüncələrini genişləndirmək, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (SDG-lər) və qlobal iqtisadi prosesləri daha yaxından anlamaq imkanı yaradır”- deyə, rektor bildirib.
BMT-nin rezident koordinatoru Vladanka AndreevaBirləşmiş Millətlər Təşkilatının fəaliyyətindən söz açıb, bu təşkilatın xalqların yoxsulluq, bərabərsizlik və digər qlobal problemləri birgə müzakirə edə biləcəyi platforma kimi fəaliyyət göstərdiyini deyib. BMT nümayəndəsi gənclərin inkişafında təhsilin və praktiki bacarıqların əhəmiyyətindən də söz açıb, onların azad və rəqabətədavamlı iqtisadiyyatların qurulmasında əsas rola malik olduqlarını vurğulayıb. Tədbirin məqsədindən söz açan V.Andreeva bildirib ki, gənclərlə aparılan dialoq onlarla birbaşa ünsiyyət qurmaq, onların baxışlarını dinləmək və gələcəyi birgə formalaşdırmaq məqsədi daşıyır: “Biz universitetləri bilik beşiyi hesab edirik. Gənclərin səsini eşitmək, onları gücləndirmək və onlarla birlikdə gələcəyi formalaşdırmaq istəyirik. Çünki bu gələcək təkcə sizin deyil, bizim də həyatımıza təsir edəcək.”
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləriistiqamətində əldə etdiyi nailiyyətlərdən və göstəricilərin təhsil, tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinin, və gənc nəsilin inkişafına birbaşa təsir lərindən söz açıb.
Sonra BMT-nin Qida və Kənd Təsərrüfatı təşkilatının Azərbaycan üzrə rəhbəri
Nasar Hayat kənd təsərrüfatı sahəsi ilə bağlı çıxış edib. Bildirib ki, bu sahə artıq ənənəvi deyil, innovasiya və texnologiyaya əsaslanan bir istiqamətə çevrilir: “Əgər bu gün torpağa və ərzaq istehsalına məsuliyyətlə yanaşmasaq, sabah nə torpaq, nə də dayanıqlı həyat qalacaq,” – deyə o qeyd edib. Nasar Hayat yaşıl texnologiyalar və rəqəmsal həllərin kənd təsərrüfatını gənclər üçün daha cəlbedici edə biləciyini diqqətə çatdırıb.
Tədbirin panel müzakirələrində UNEC-in Beynəlxalq iqtisadiyyat Məktəbinin (ISE) tələbələri Məmmədli Rövşən və Hüseyn İsayev dayanıqlı inkişafda ticarətin rolu, ölkə iqtisadiyyatının rəqabətə davamlılığının artırılması, risklərlə bağlı çıxışları dinlənilib.
Görüş tələbələrin dayanıqlı inkişaf, təhsil, kənd təsərrüfatında innovasiyalar, gənclərin bu sahəyə marağının artırılması, beynəlxalq təşkilatların və dövlətlərin dayanıqlı inkişaf hədəflərinin icrasında məsuliyyəti, iqlim böhranı və iqtisadi qeyri-sabitlik kimi problemlərin regiona və Azərbaycana təsiri barədə həmçinin qlobal çağırışlara münasibət kimi mövzularda sual-cavab sessiyası ilə davam edib.