Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Karyera Həftəsi” uğurla yekunlaşıb.
Bir həftə boyunca tələbələr karyeralarını daha şüurlu planlamaq, əmək bazarının real tələblərini yaxından tanımaq və gələcək peşə həyatına hazırlaşmaq üçün müxtəlif təlim və görüşlərdə iştirak ediblər.
Yekun tədbirində Karyera planlaşdırılması və inkişafı kafedrasının müdiri dosent Rəşad Məhərrəmov və UNEC Karyera Mərkəzinin direktoru Sevinc Məcid çıxış edərək vurğulayıblar ki, Karyera Həftəsinin əsas məqsədi tələbələri yalnız məlumatlandırmaq deyil, onları real iş mühitinə hazırlamaq, peşəkar inkişaf imkanlarını genişləndirmək və işəgötürənlərlə birbaşa ünsiyyət qurmağa dəstək olmaqdır.
Həftə ərzində kafedranın təcrübəli müəllimləri Aygün Novruzova, Şəlalə Musayeva, Rauf Hacıyev, Sevinc Burzuyeva və Aysel Qaragözova tərəfindən karyera planlaması, effektiv ünsiyyət, liderlik, zamanın idarə edilməsi və əmək bazarına hazırlıq mövzularında praktiki və səriştə əsaslı təlimlər keçirilib. Təlimlər tələbələrə öz güclü tərəflərini tanımaq, özlərini düzgün təqdim etmək, iş mühitinə daha tez adaptasiya olmaq və peşəkar dayanıqlıq qazanmaq imkanı yaradıb.
“Karyera Həftəsi”nin uğurla təşkil olunmasında “Karyera və İnkişaf” tələbə təşkilatı da fəallığı və məsuliyyətli yanaşması ilə xüsusi seçilib. Tələbələrin prosesə aktiv şəkildə cəlb olunması tədbirin daha dinamik və interaktiv keçməsinə şərait yaradıb.
Həftənin sonunda təlimlərdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub, fərqlənən tələbələr isə İNNAB Biznes Məktəbi tərəfindən pulsuz təlim kursları ilə mükafatlandırılıblar.