A

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə UNEC KİM-in 24/7 Kitabxanası tərəfindən “Ən gözəl hədiyyədir – KİTAB!” adlı ənənəvi kitab bağışlama kampaniyası həyata keçirilib. Kampaniya bu il iki istiqamətdə təşkil olunub.

Kampaniya çərçivəsində kitabxananın davamlı oxucu-istifadəçilərinə – tələbələrə, müəllimlərə və kənar oxuculara onların seçimi əsasında kitablar hədiyyə edilib. Təşəbbüsə dəstək olaraq tələbələr Raul Orucov və Əli Əlizadə, eləcə də kitabxananın kənar oxucuları Həmid Əhmədli, Sərxan Hüseynov və Xalid Mehdiyev kitablarla təltif olunublar.

Kampaniyanın növbəti mərhələsi İSE fakültəsinin təşkilatçılığı ilə baş tutub. Arzu Məmmədova – UNEC KİM 24/7 Kitabxanasının müdiri və UNEC CLUBRARY kitabsevərlər klubunun koordinatoru – klubun builki “Azərbaycan dilində danış, Azərbaycanı hiss et – Speak Azerbaijani, Feel Azerbaijan” konsepsiyasına uyğun olaraq, UNEC-də təhsil alan əcnəbi tələbələrə Azərbaycan dilində kitablar hədiyyə edib.

Qeyd olunub ki, konsepsiyanın əsas məqsədi Azərbaycan dilinin təbliği, milli-mədəni irsin qorunması və əcnəbi tələbələrin Azərbaycan dilində oxu vərdişlərinin inkişaf etdirilməsidir.

Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini Aysel Quliyeva kitab mütaliəsinin əhəmiyyəti, İSE-də bu istiqamətdə həyata keçirilən təşəbbüslər və ISE BOOK CLUB-un fəaliyyəti barədə məlumat verərək, sözügedən konsepsiyaya bundan sonra da dəstək veriləcəyini bildirib.

TOP XƏBƏRLƏR