A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı soyqrımı – insanlığa qarşı törədilmiş cinayət və tarixi həqiqətlər” mövzusunda tədbir keçirilib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən faciəli və qanlı səhifələrdən biri olduğunu diqqətə çatdırıb. O, Xocalı hadisələrində dinc sakinlərin amansızlıqla qətl edildiyini, ailələrin dağıldığını və minlərlə insanın taleyinin dəyişdiyini qeyd edərək, bu faciənin insanlığa qarşı böyük bir cinayət olduğunu deyib.

"Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmayıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə Xocalı işğaldan azad edilərək, üçrəngli bayrağımız qürurla dalğalanır"–, deyə prorektor bildirib.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş amansız qətliam haqqında ətraflı məlumat verib. O, Xocalı faciəsini unutmamağın və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın hər bir azərbaycanlının, xüsusilə gənc nəslin mənəvi borcu olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Tural Gəncəliyev qanlı faciənin baş vermə tarixindən, ağır nəticələrindən danışıb. O, Ali Baş Komandanın siyasəti və Azərbaycan Ordusunun şücaəti sayəsində Xocalının işğaldan azad olunduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin edildiyini qeyd edib.

UNEC Dizayn Məktəbinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə “Dizayn” kafedrasının baş müəllimi Əli Əliyev “Xocalı faciəsi Azərbaycan rəssamlarının əsərlərində” adlı mövzuda təqdimatla çıxış edib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvü, İqtisadiyyat və İdarəetmə fakultəsinin tələbəsi Turan Mirzəyev “Xocalı qurbanları” adlı şeir səsləndirib.

Sonda Xocalı soyqrımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR