Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Özbəkistan Respublikasının Əndican Dövlət Texniki İnstitutunun professor-müəllim heyətinin iştirakı ilə növbəti akademik görüş təşkil olunub.
Səfər çərçivəsində qonaqlar UNEC-in Xarici Dillər Departamenti nəzdində fəaliyyət göstərən Xarici Dillər Tədrisi Mərkəzində tələbələr üçün mühazirə keçiblər. Mühazirədə müasir tədris metodları, xarici dil tədrisində innovativ yanaşmalar, eləcə də beynəlxalq akademik əməkdaşlıq və tələbə mübadiləsi imkanları barədə ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini Rauf Məmmədov ilə görüş keçirib. Görüş zamanı mövcud əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və ortaq elmi-tədqiqat fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.
Tərəflər əlaqələrin daha da genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.