“Həftənin kitabı” layihəsi “Maliyyə necə funksiya göstərir: Rəqəmləri məntiqlə izah edən HBR bələdçisi” (“How Finance Works: The HBR Guide to Thinking Smart About the Numbers”) kitabını təqdim edir.
Kitabın müəllifi Harvard Biznes Məktəbinin professoru Mihir Desaidir.
Müəllifin bu kitabı, maliyyəni mürəkkəb düsturlar və quru rəqəmlərdən ibarət cansıxıcı bir dünya kimi qələmə verən mifi alt-üst edən praktiki bir bələdçidir. Kitabda maliyyə elmini strateji idarəetmə və karyera yüksəlişi üçün canlı, intuitiv və güclü bir alət kimi oxucuya təqdim edilib.
Mihir Desai Harvardın xüsusi keys metodundan, əyani sxemlərdən və real nəhənglərin (Apple-dan tutmuş Netflix-ə qədər) nümunələrindən istifadə edərək maliyyə hesabatlarını şirkətin həyəcanlı hekayəsi kimi oxumağı öyrədir. Kitabda mənfəət və nağd pul axını arasındakı fərq, dəyərin yaradılması mexanizmləri, risklərin qiymətləndirilməsi və kapitalın bölüşdürülməsi sənəti kimi- əsas konseptlər sadə və anlaşıqlı dillə izah olunub.
Qeyd edək ki, kitab Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva və Zaur Qurbanovun təşəbbüsü və “SOCAR Türkiyə” şirkətinin baş icraçı-direktoru Elçin İbadovun rəhbərliyi ilə Azərbaycan dilinə “ProEX”- Peşəkar İnkişaf Proqramı çərçivəsində tərcümə olunub.
“Maliyyə necə funksiya göstərir: Rəqəmləri məntiqlə izah edən HBR bələdçisi” kitabı 2024-cü ildə çapdan çıxıb. Kitab 276 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.