Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.
“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında keçirilən vətənpərvərlik tədbiri başlamazdan öncə cəbhə bölgələrindən gələn əsgər və zabitlər, müharibə qaziləri və şəhid ailələrinin üzvləri hərbi marşın sədaları və tamaşaçıların alqışları altında salona dəvət ediliblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himnimiz tədbir iştirakçıları tərəfindən birlikdə ifa olunub.Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, bildirib ki, artıq dövlət müstəqilliyimizin 25 illik yubileyini təntənə ilə qeyd etdiyimiz 2016-cı il də tarixə qovuşmaqdadır. Xalqımız ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2016-cı ili ictimai-siyasi, sosial-iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılmış möhtəşəm nailiyyətlərlə yola salır, yeni 2017-ci ili böyük coşqu ilə qarşılayır.
Rektor Ə.Muradov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub.
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini vermiş, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilmiş, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçmiş və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatmışdır. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın da dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişdir. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezindenti cənab İlham Əliyevin uzaqgörən diplomatıyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanının daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olmuşdur.
Noyabr ayında Ali Baş Komandan cənab İlham Əliyev cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə deyirdi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur. Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır”.
Rektor Ədalət Muradov sonra UNEC-in Müdafiə Nazirliyi ilə əlaqələrindən, professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətənin müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.
Aprel döyüşlərinin iştirakçısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbirə dəvət olunmuş əsgər və zabitləri, müharibə qazilərini və şəhid ailələrini iştirakçılara təqdim edib.Lələtəpə uğrunda sağ ayağını itirmiş və bir neçə yara almış sabiq hərbi hissə komandiri, polkovnik-leytenant Elşən Qarayev (Prezidentin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub), hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, “İgidliyə görə” medalına layiq görülmüş polkovnik-leytenant Seymur Həbibullayev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin oğlu, mayor Emin Əliyev, düşmənin 10-a yaxın tank, zirehli texnika və avtomobilini məhv etmiş, “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif olunmuş batareya komandiri, kapitan Mirdamət Bağıyev, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki vermiş tank komandiri, baş gizir Paşa Mehdiyev, igid döyüşçülərdən leytenant Vüsal İbrahimov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev və başqaları aprel döyüşləri barədə xatirələrini danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Aprel döyüşləri zamanı qonşu səngərlərdə vuruşaraq düşmən üzərinə od ələyən iki döyüşçü oğulun atası, Qarabağ uğrunda döyüşlərin iştirakçısı Əşrəf Qəhrəmanov səhnəyə dəvət edilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Əşrəfin kiçik oğlu Ruhin şəhidlik zirvəsinə ucalıb, böyük oğlu Qəhrəman isə yenə də ön səngərdədir, xidmətini davam etdirir. Hər iki qardaş Prezidentin sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə təltif edilib.
Tədbirə oğlunun portreti və Ruhinin cənazəsi üzərinə sərilmiş bayraqla gələn şəhid atası Əşrəf Qəhrəmanov bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qəhrəman Qəhrəmanovun qəfildən salona daxil olması və atası ilə görüşü tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.Video-çarxın nümayişi ilə xalq artisti Samir Cəfərov “Lələtəpə Fatehləri” qəhrəmanlıq odasını ifa edib (sözləri A. Qurbani, mus. Azad Zahidindir).
Qeyd olunub ki, bu oda aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş ilk musiqi əsəridir və ilk dəfə azad edilmiş ərazidə ifa edilib. Baş leytenant şəhid Ziya Həsənovun atası Niyazi Həsənov bu səhər Bərdədən gəldiyini bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbayan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. Ziyanın, eləcə də bütün şəhidlərimizin intiqamını almağa hazır olduğunu bildirən şəhid atasının alovlu çıxışı alqışlarla qarşılanıb.
Bir neçə gün öncə cəbhə bölgələrinə səfər etmiş və aprel döyüşlərinin iştirakçıları ilə görüşmüş Böyük Vətən müharibəsi veteranları Mirdamət Nəbiyev və Bəkir Mustafayev səfər təəssüratlarından danışıb və Azərbaycan ordusunun həqiqətən dünyanın güclü ordularından biri olduğunu qeyd ediblər.
Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının solistləri Ağabala Abdullayev və Elçin Məmmədov aprel döyüşlərinin qəhrəmanlarını və tamaşaçıları vətənpərvərlik mahnıları ilə salamlayıblar.
Dəfələrlə cəbhə bölgələrində olmuş UNEC-in kafedra müdiri, professor, millət vəkili Xanhüseyn Kazımlı, prorektor, müharibə veteranı Mikayıl Zeynalov, Marketinq və Kommunikasiya departamentinin direktoru Rasim Şərifov və başqaları çıxış edərək yeni ildə də tez-tez cəbhə bölgələrindəki döyüşçülərimizə baş çəkəcəklərini vəd ediblər.
UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin ifa etdikləri mahnı və şeirlər maraqla qarşılanıb.
Rektor Ədalət Muradov hərbi qulluqçuların cəbhə bölgələrindən UNEC kollektivi ilə görüşə gəlməsinə şərait yaratdığına görə müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.
UNEC kollektivi adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan əsgərinə təbrik-müraciət ünvanlanıb. Aprel döyüşlərinin iştirakçılarına xüsusi olaraq təsis edilmiş xatirə nişanları və qiymətli hədiyyələr təqdim edilib.
“Əmrinə hazırıq, cənab Ali Baş Komandan!” adlı ədəbi-bədii kompozisiya ilə vətənpərvərlik tədbiri başa çatıb.