A

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq

QƏRARA ALIR:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, №1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300; № 12, I kitab maddə 2202) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci maddədə “peşə-ixtisas” sözləri “ixtisas” sözü ilə əvəz edilsin.

2. 1.0.4-cü maddəyə birinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin.

3. 1.0.6-cı maddəyə “təhsilverənlərin” sözündən sonra “(dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 1.0.6-1-ci və 1.0.8-1-ci maddələr əlavə edilsin:

“1.0.6-1. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;

1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır).”.

5. 1.0.25-ci maddəyə “hazırlığını” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin.

6. 1.0.30-cu maddəyə “üzrə” sözündən sonra “subbakalavr və” sözləri əlavə edilsin.

7. 1.0.32-ci maddədə “dövlət tərəfindən verilən хüsusi razılıq” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd” sözləri ilə əvəz edilsin.

8. 1.0.39-cu maddədə “pilləsini” sözü “səviyyəsini” sözü ilə əvəz edilsin.

9. 1.0.50-ci maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin.

10. 1.0.53-cü maddəyə “hazırlığını” sözündən sonra “, orta ixtisas və” sözləri əlavə edilsin.

11. 1.0.54-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.55-ci maddə əlavə edilsin:

“1.0.55. təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər.”.

12. 6.4-cü maddəyə “pilləsində” sözündən sonra “və səviyyəsində” sözləri əlavə edilsin.

13. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.”.

14. 9.1-ci maddəyə “standartları” sözündən əvvəl “və peşə” sözləri əlavə edilsin.

15. 11.1.1-ci maddəyə “yaratmaq” sözündən sonra “, məntiqi, tənqidi və yaradıcı düşünmək” sözləri əlavə edilsin.

16. 14.5.1-ci maddədə “xüsusi uşaq bağçası” sözləri sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

17. 14.5.2-ci maddəyə birinci halda “orta” sözündən əvvəl “ümumi” sözü, “ümumtəhsil internat məktəbləri” sözlərindən sonra “inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri əlavə edilsin.

18. 14.5.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.);”.

19. 14.5.4-cü maddəyə “peşə liseyləri” sözlərindən sonra “, peşə təhsil və tədris mərkəzləri (kompleksləri)” sözləri əlavə edilsin.

20. 14.5.8-ci maddəyə “müəssisələr” sözündən sonra “(uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.)” sözləri əlavə edilsin.

21. Aşağıdakı məzmunda 14.19-cu və 14.20-ci maddələr əlavə edilsin:

“14.19. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.

14.20. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

22. 15.2-ci maddə aşağıdakı redaksiyada verilsin.

“15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.”.

23. 16.1-ci maddə üzrə:

23.1. birinci cümləyə “Respublikasında” sözündən sonra “dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin və “qanunvericiliklə” sözü “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

23.2. ikinci cümlədə “Dövlət təhsil” sözləri “Təhsil” sözü ilə əvəz edilsin;

23.3. üçüncü və dördüncü cümlələr çıxarılsın.

24. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.”.

25. 17.1.5.1-ci maddəyə “bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin.

26. 17.1.5.2-ci maddəyə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin.

27. 17.1.5.3-cü maddəyə “doktorantura” sözündən sonra “(adyunktura)” sözü əlavə edilsin.

28. 17.2-ci maddənin ikinci cümləsində “pilləsi (məktəbəqədər təhsil istisna olmaqla)” sözləri “pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla” sözləri ilə əvəz edilsin.

29. Aşağıdakı məzmunda 17.4-cü maddə əlavə edilsin:

“17.4. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.”.

30. 18.6-cı maddədə “qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edilir” sözləri “maarifləndirmə tədbirləri həyata keçirilir” sözləri ilə əvəz edilsin.

31. 19.11-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.”.

32. 19.12-ci maddə ləğv edilsin.

33. 19.14-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

34. 19.16-cı maddənin birinci cümləsinə “sənədi” sözündən sonra “- attestat” sözü əlavə edilsin.

35. 19.18-ci maddə üzrə:

a. ikinci cümləyə “müəssisələrində” sözündən sonra “ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən” sözləri əlavə edilsin;

b. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramların ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.”.

36. 20.2-ci maddədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziyası” sözü ilə, “peşə dərəcələrinin” sözləri “peşə-ixtisas dərəcələrinin” sözləri ilə əvəz edilsin.

37. 26.3.2-ci, 27.1-ci və 29.0.24-cü maddələrdə ismin müvafiq hallarında “xüsusi razılıq (lisenziya)” sözləri ismin müvafiq hallarında “lisenziya” sözü ilə əvəz edilsin.

38. 21.2-ci maddənin birinci cümləsində “əsasən” sözü çıxarılsın və “tabeliyində yaradılan müvafiq strukturlarda” sözləri “müvafiq struktur bölmələrində” sözləri ilə, ikinci cümləsində “müəssisələrinə daxil olanlar” sözləri “almaq üçün qəbul olunanlar” sözləri ilə əvəz edilsin.

39. Aşağıdakı məzmunda 21.2-1-ci maddə əlavə edilsin:

“21.2-1. Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

40. 22.2.1-ci maddədə “tibb təhsili istisna olmaqla” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

41. 22.2.2-ci maddədə “tibb təhsili istisna olmaqla” sözləri “rezidentura” sözü ilə əvəz edilsin.

42. 22.2.3-cü maddəyə “doktorantura” sözündən sonra “(adyunktura)” sözü əlavə edilsin.

43. 22.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.”.

44. Aşağıdakı məzmunda 22.8-22.17-ci maddələr əlavə edilsin:

“22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

22.10. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

22.10.1. fəlsəfə doktoru (elm sahələri göstərilməklə);

22.10.2. elmlər doktoru (elm sahələri göstərilməklə).

22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

22.12. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

22.13. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmalı dövlət sənədi – diplоm verilir.

22.14. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

22.15. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

22.15.1. dоsent;

22.15.2. professor.

22.16. Dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

22.17. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin və elmi müəssisənin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin və elmi müəssisənin nizamnaməsi ilə müəyyən edilir.”.

45. 23-cü maddə ləğv edilsin.

46. Aşağıdakı məzmunda 26.1-1-ci maddə əlavə edilsin:

“26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.”.

47. 26.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.5. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar”.

48. Aşağıdakı məzmunda 26.5-2-ci və 26.5-3-cü maddələr əlavə edilsin:

48.1. “26.5-2. Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

48.2. 26.5-3. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.”.

49. 26.6-cı maddədə “Ali təhsil müəssisələrinin magistraturalarına” sözləri “Magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz edilsin.

50. 29.0.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək;”.

51. 29.0.11-ci maddəyə “Tələbə-məzun” sözlərindən sonra “və “Şagird-məzun” sözləri əlavə edilsin və həmin maddədə “sistemini” sözü “sistemlərini” sözü ilə əvəz edilsin.

52. 29.0.15-ci maddədə “səviyyəsinə” sözü “pilləsinə” sözü ilə əvəz edilsin və həmin maddəyə “müəssisələrinin” sözündən sonra “, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin” sözləri əlavə edilsin.

53. Aşağıdakı məzmunda 29.0.28-1-ci maddə əlavə edilsin:

“29.0.28-1. təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək;”.

54. 29.0.29-cu maddəyə “təhsilverənlərin” sözündən sonra “(dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

55. 29.0.37-ci maddə aşağıdakı redaksiyada verilsin:

“29.0.37. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq etmək;”.

56. 29.0.41-ci maddədə “təhsil” sözü “və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb edilməsini” sözləri ilə əvəz edilsin.

               

57. 29.0.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 29.0.43 - 29.0.45-ci maddələr əlavə edilsin:

“29.0.43. dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;

29.0.44. təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;

29.0.45. təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri ilə fərqlənən təhsilalanlar, o cümlədən respublika fənn olimpiadalarının qalibləri üçün təltiflər, mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək.”.

58. 31.0.1-ci maddəyə “magistrantlar” sözündən sonra “, rezidentlər” sözü əlavə edilsin.

59. 31.0.2-ci maddəyə “tyutorlar” sözündən sonra “, rezidentlərin kuratorları” sözləri əlavə edilsin.

60. 33.3.9-cu maddəyə “attestasiyadan” sözündən sonra “(dövlət ümumi təhsil müəssisələrində sertifikatlaşdırmadan)” sözləri əlavə edilsin.

61. Aşağıdakı məzmunda 36-1-ci və 36-2-ci maddələr əlavə edilsin:

“Maddə 36-1. Pedaqoji fəaliyyətlə məşğul olma

36-1.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

36-1.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

36-1.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

36-1.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

36-1.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

36-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

36-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Maddə 36-2. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması

36-2.1. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.

36-2.2. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

36-2.3.1. hamilə qadınlar;

36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.

36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.”.

62. 37.5-ci maddədə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay