A

Ölkəmizdə işgüzar səfərdə olan rusiyalı kitabxana mütəxəssisləri UNEC və onun kitabxanaları ilə tanış olublar.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq əlaqələr üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın elm və təhsil üzrə direktoru Tatyana Polejaeva, IFLA PAC-ın koordinatoru Mariya Kolpakova, IPR MEDIA-nın baş direktoru Natalya İvanova və koordinatoru Vita Kutueva əvvəlcə UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanasına, sonra isə 24/7 kitabxanasına baş çəkiblər. Rektor, professor Ədalət Muradov kitabxanalarda yaradılan müasir şərait, ən son innovativ texnologiyalar barədə qonaqlara məlumat verib. Rusiyalı kitabxana mütəxəssisləri yenilikləri yüksək qiymətləndirərək, bu təcrübənin bölüşülməsindən çox məmnun qaldıqlarını deyiblər.   

Qonaqlar daha sonra “UNEC Extern” Mərkəzi ilə tanış olublar. Distant təhsil verən bu mərkəz, sözün həqiqi mənasında xarici mütəxəssisləri  heyrətləndirib. Rektor, professor Ədalət Muradov ölkəmizdə ilk bu cür mərkəz olan “UNEC Extern”nin studiyaları, texniki imkanları, ümumiyyətlə, iş prinsipi və məqsədləri barədə qonaqlara müfəssəl məlumat verib. Rektor, həmçinin UNEC-in müasir təhsil sistemində imza atdığı digər ilkləri də diqqətə çatdırıb. Rusiyalı qonaqlar gördüklərinin və eşitdiklərinin onlarda xoş təəssürat yaratdığını bildiriblər və buna görə dərin təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, UNEC-lə tanışlıqda rusiyalı nümayəndə heyətini Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Təhsil Nazirliyinin nümayəndələri müşaiyət ediblər. Səfər çərçivəsində ölkəmizdəki digər kitabxanaların işi ilə də  maraqlanmaq nəzərdə tutulub. Məqsəd isə əlaqələr qurmaq, əməkdaşlıq etməkdir.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay