“Bu günlərdə imzalanan “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı tarixi reallığı və iqtisadi səmərəliliyi özündə ehtiva edir. Eyni zamanda, yeni bölgü uzunmüddətli perspektivdə praktiki nəticələr əldə edilməsinə şərait yaradacaq”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.
Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı inkişafının təmin olunması, ölkəmizin iqtisadi və hərbi qüdrətinin daha da artması üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan C.Allahverdiyev deyib ki, 44 günlük Vətən müharibəsində Qələbənin əldə olunması üçün həmin amil güclü zəmin yaradıb: “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir. Eyni zamanda, bu addım yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərar kimi xarakterizə edilməlidir. Ona görə ki, yeni bölgünün azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə mühüm töhfə verəcək”.
Araşdırmaçı-alimin sözlərinə görə, Azərbaycan Prezidentinin sözügedən Fərmanı ilə Şərqi Zəngəzur tarixi adının bərpa olunması, Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi mühüm addımdır: “Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi tarixi, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqdan və qədim oğuz-türk yurdu olan Zəngəzur yaylasının tarixi-coğrafi birliyindən qaynaqlanır. Təəssüf ki, ötən əsrin 20-ci illərində Azərbaycan torpaqları hesabına ərazisini genişləndirən Ermənistan Zəngəzurun qərb hissəsini ələ keçirməklə kifayətlənməyib, eyni zamanda, ölkəmizin daxilində ermənilərə muxtar status almağa nail olub. Məlum olduğu kimi, 1921-ci ilin iyulunda RK (b)P MK Qafqaz Bürosunun plenumunun iclas protokolu ilə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsi və bölgüsü (sonradan bu ifadə əsasında 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb) 100 il sonra Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə tarixin arxivinə göndərildi”.