UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə “Üçrəngli Bayrağımız – Milli Qürurumuzun Simvolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva qeyd edib ki, 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlının qəlbində qürur, sevinc və vətən sevgisi ilə dolu bir gündür. O, Azərbaycan xalqını birləşdirən, milli kimliyimizi yaşadan müqəddəs dəyər olan bayrağın tariximizin, qürurumuzun və qələbələrimizin canlı şahidi olduğunu vurğulayıb. G.Rzayeva həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində bu gün üçrəngli bayrağımızın dünyanın ən mötəbər tribunalarda dalğalandığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad edilmiş torpaqlarında da qürurla dalğalandığını diqqətə çatdırıb.
Daha sonra “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli çıxış edərək bayrağımızın Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin və milli birliyimizin ən dəyərli rəmzlərindən biri olduğunu qeyd edib. O, bayrağın təkcə dövlət atributu deyil, həm də xalqımızın azadlıq arzularının, milli kimliyinin və tarixi yaddaşının canlı simvolu olduğunu vurğulayıb.
“Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova isə çıxışında bayrağın millətimizin və dövlətimizin şərəf və ləyaqətinin ifadəsi olduğunu, xalqımızın milli düşüncəsində bayrağa olan münasibətin tarix boyu özünü qabarıq göstərdiyini bildirib.
Tədbir müəllim və tələbələrin fəal iştirakı ilə yüksək səviyyədə keçirilib.