A

"Azərbaycan müəllimi" qəzeti

“Təhsil haqqında” Qanuna dəyişikliklər qəbul olunub.

Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib

İyulun 6-da Təhsil Nazirliyində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı brifinq keçirilib. Brifinqdə qeyd olunub ki, “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. “Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı dəyişikliklər edilib.

İlin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə müsabiqəsiz qəbul olunacaqlar

Dəyişikliyə əsasən, sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlar valideynlərinin müraciəti əsasında məktəblərə qəbul edilə biləcəklər. Bu sözləri Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, indiyə qədər də bu təcrübə var idi. Lakin həmin kateqoriyadan olan uşaqlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular. Ancaq bu, qanunda təsbit edildiyi üçün, artıq komissiyalara və əlavə olaraq məktəblərin bu işlə bağlı müraciətlərə vaxt ayırmasına ehtiyac olmayacaq: “Həmin uşaqlar da digər 6 yaşı tamam olan uşaqlar kimi valideynlərinin müraciəti əsasında məktəblərə qəbul ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, biz 6 yaşı tamam olmayan şagirdlərin məktəbə qəbulu ilə bağlı ötən illərin nəticələrini təhlil etmişik. Onların nəticələri bunu deməyə əsas verir ki, həmin şagirdlər digər şagirdlərlə bərabər, hətta bəzi hallarda daha yüksək akademik göstəricilər nümayiş etdiriblər”.

Olmpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar

Fərzəli Qədirov Qanuna olimpiada qalibləri ilə bağlı dəyişikliyin də qəbul edildiyini deyib: "Beynəlxalq fənn olimpiadalarının artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə istədikləri ixtisas üzrə qəbul oluna biləcəklər. Dəyişikliyə əsasən, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul ola biləcəklər".

Pedaqoji təhsili olmayanlar da məktəblərdə dərs deyə biləcəklər

"Təhsil haqqında" Qanuna əlavə edilən maddəyə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də məktəblərdə dərs deyə biləcək.  Fərzəli Qədirov bildirib ki, İKT, fizika, kimya sahəsində ali təhsilli peşəkar mütəxəssislər olsa da, onların pedaqoji təhsilləri yoxdur: "Belə yüksək hazırlığa malik mütəxəssislərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olardı. Xüsusən də təmayül siniflərində".

Ali təhsillilər kollecə, kolleci bitirənlər ali məktəbə müsabiqədənkənar qəbul ola biləcəklər

"Təhsil haqqında" Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə, kolleci bitirmiş şəxsin isə ali təhsil müəsisiəsinə müsabiqədənkənar qəbuluna imkan yaradacaq".  Bu sözləri deyən Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov bildirib ki, Qanun orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxsə müvafiq ixtisas üzrə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verəcək. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə yeni qayda əsasında daxil olmaq mümkündür və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".

Müəllimlər sertifikatlaşdırılacaq

Bundan başqa dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər üçün də yeniliklər var. Qanuna görə, ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq. Bildiyimiz kimi, əmək qanunvericiliyində idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər 5 ildən bir attestasiyadan keçirlər. Bu məsələ ümumtəhsil müəssisələrində sertifikasiyadan keçmə ilə əvəz olunur. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.

Təcrübi yolla peşəyə yiyələnlərə də sertifikatlar veriləcək

Qanunda peşə təhsili ilə bağlı da dəyişiklik var. Belə ki, bu gün xidmət və digər sahələrdə çalışan  insanlar var ki, onların nə dərəcədə peşəkar səviyyədə olması bilinmir. Onlar peşələrə xüsusi adamların yanında çalışmaqla öyrənirlər. Ancaq bununla bağlı onların hər hansı bir sənədi olmur. Yeni qaydaya görə, bu şəxslər müraciət əsasında öz bilik və bacarıqlarını təsdiq etmək üçün müəyyən bir prosedurdan keçib sertifikat əldə edəcəklər və əmək bazarına daxil olmaq üçün əlverişli imkan əldə edəcəklər. Bu da ölkədə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq imkanlarının artırılmasına cidii şəkildə müsbət təsirini göstərəcək.

Rəşad ZİYADOV

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay