A

UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 80 illik yubleyinə həsr olunmuş “Hikmət məclisi” adlı onlayn tədbir keçirilib.

“Hikmət məclisi” tədbiri UNEC-in və Təhsil Nazirliyinin dəstəyi ilə, UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Təhsil Nazirliyinin rəsmi şəxsləri, millət vəkilləri, ali məktəb rəhbərləri, ziyalılar, Şahlar Əsgərovun tələbə yoldaşları və yetişdirdiyi mütəxəssislər iştirak ediblər.

İlk olaraq professorun elmi, ictimai fəaliyyətinə, keçdiyi zəngin həyat yoluna nəzər salınıb, nailiyyətləri barədə söhbət açılıb. Qeyd olunub ki, bütün həyatını Azərbaycan xalqının maariflənməsinə, elminin inkişafına, mənəviyyatının qorunmasına həsr etmiş Şahlar Əsgərovun 80 illik ömür yolu bu gün və gələcək nəsillər üçün əsl həyat məktəbidir. Şahlar müəllimin şəxsiyyətində humanistlik, fədakarlıq, təvazökarlıq, xeyirxahlıq və s. bu kimi ziyalıya məxsus ali mənəvi keyfiyyətlər vəhdət şəklində öz əksini tapıb. Şahlar Əsgərovun zəngin həyat yolu, elmi-pedaqoji fəaliyyəti hər bir azərbaycanlıda fərəh hissi doğurur.

Yubilyarın yetişdirdiyi tələbələr öz çııxışlarında qeyd ediblər ki, Şahlar müəllimin öz tələbələrinə təkcə elm öyrətməyib, bir ata kimi onlara qayğı və xeyirxah münasibət göstərərək, onların peşəkar mütəxəssis kimi yetişməsi üçün imkanlarını əsirgəməyib.

Tədbirdə Şahlar Əsgərovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən UNEC rektoru professor Ədalət Muradov yubilyarı təbrik edərək qeyd edib ki, Şahlar Əsgərov zamanla ayaqlaşan, təhsil sahəsində, dünyada baş verən hadisələri, yeni tendensiyaları izləyən alimlərdəndir. Təhsillə bağlı ən çox müzakirələr apardığı şəxslərdən birinin Şahlar Əsgərov olduğunu vurğulayan rektor, məhz onunla müzakirələr nəticəsində Şahlar müəllim tərəfindən XXI əsrin yeni elm sahəsi olan ekonofizika ilə bağlı təklif irəli sürdüyünü qeyd edib. Bunun nəticəsi olaraq hal-hazırda UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin fəaliyyət göstərdiyini və mərkəzin artıq bir sıra ciddi tədqiqatlara imza atdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə professorun yeni çap olunan “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da təqdim edilib.

Sonda Şahlar Əsgərov tədbirin təşkilatçılarına və iştirakçılara ona verilən dəyərə və diqqətə görə öz təşəkkürünü bildirib.

UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən hazırlanmış  video-çarxı Sizə təqdim edirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay