A

Manşet.az

“Bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər” deyə prezident İlham Əliyev  AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində bildirib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanında elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə köklü struktur dəyişiklikləri yer alıb. Həm müasir dünyanın trendləri, həm də  ölkənin milli sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin sintezi müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca strateji mühüm əhəmiyyətə malikdir. Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir.

Azərbaycanda  elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı hansı istiqamətlərə fokuslanmalı? 

1. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu cəmiyyətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması geniş yer alır;

2.Modern ali məktəblərin məqsədi öyrətmək deyil, öyrənmək olmalıdır. Öyrənməsini bilməyən ali məktəblər, öyrədən müəssisə də ola bilməz, yəni özü öyrənməyənin,  başqasını öyrədə bilməsi mümkünsüzdür. Qlobal səviyyədə patentləşdirmə işlərinin icmalından belə bir nəticə çıxarmaq olar ki, biotexnologiyalar sahəsində elmi tərəqqinin mühərriki kimi firmalar yox, məhz universitetlər çıxış edir”

3. Biliklər iqtisadiyyatına əsaslanan indiki inkişaf, xüsusən ali təhsil sistemində elmi potensialın və elmi məhsulların kommersiyalaşdırılmasını nəzərdə tutur. Müasir dövrdə universitetlər qlobal dünya iqtisadiyyatının tərkib hissəsi kimi qlobal bilik xidmətləri bazarında ən mütərəqqi bilik və yaradıcı intellektual sahədə aparıcı oyunçular kimi çıxış edir. Bu kontekstdə Azərbaycanın Ali rəhbərliyi yaxşı başa düşürlər ki, Azərbaycan universitetlərinin   dunyanın nüfüzlü  universitetlərinin intellektual və elmi inkişafı prosesində avanqard sırada olması şərtdir; 

4. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ali təhsil sistemində radikal transformasiyalar müşahidə olunur. Bunların mahiyyəti universitetlərin inno¬vasiyalı inkişafda və iqtisadi artımda həlledici rolu ilə bağlıdır. Sürətli dəyişikliklər şəraitində müasir universitetlərin necə fəaliyyət göstərmək sualına cavabları axtarmaqdır. Bu isə universitetlərin sosial-iqtisadi funksiyalarının dəyişməsi deməkdir, yəni ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır. Bu çərçivədə akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması məsələri təhlil edilir; 

5. Universitetlər təkcə təhsil mərkəzləri kimi deyil, həm də elmi- tədqiqat  mərkəzləri kimi qəbul olunur və ixtisaslaşır. Burada təhsilalanları öyrətməklə yanaşı, müxtəlif istiqamətli və geniş miqyaslı elmi tədqiqatlar da aparılır. Təhsil müəssisəsinin cəlbediciliyi, təhsilin dəyəri, şübhəsiz, universitetlərin elmi statusuna, yəni tədqiqatların nəticələrinə uyğun olaraq müəyyənləşdirilir;  

6. Universitetlərin sosial-iqtisadi funksiyaları dəyişir, yəni ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır. Həmin çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması, nəhayət gəlir əldə etmək məqsədİ ilə əqli mülkiyyətin idarə olunması daxildir;

7. Universitetlərdə bilik istehsal olunur və  burada istehsal edilən biliklər ictimaiyyətin hüquqi, sosial-iqtisadi qərarlarına ciddi təsir göstərir. Məhz buna görə də, Qərb universitetlərində sosial elmlərin nümayəndərini  «düşüncə fabrikaları (think thanks) və ya “düşüncə polisi”  olaraq adlandırılırlar;

8. Müasir universitetlərdə elmi fəaliyyət  üç məqsəd naminə inkişaf edir: 8.1. Araşdırma yolu ilə bilik istehsal olunur. Universitet insan biliyinin gücü çərçivəsində olan hər şeylə maraqlanır və tədqiq edir;  

8.2. Araşdırma tədris prosesində istifadə edilərək  gələcək nəsilləri bilikli hazırlayır;

8.3. Cəmiyyətin və xüsusulə də, əmək bazarının ehtiyacına uyğun keyfiyyətli kadr və ya mütəxisslər hazırlayır;

9. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil; 

10. Müasir universitet elmtutumlu texnologiyalar və innovasiyalar yaradır, sənaye ilə sıx əmək¬daşlıq edir, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir, əmək bazarı üçün yeni iş yerləri təklif edir, texnoparklar, startaplar vasitəsilə real ba¬zarda biznes subyekti qismində iştirak edir. Hal-hazırda ABŞ-da əksər aparıcı sənaye sahələrinin formalaşmasının 80%-dən çoxu universitetlərində icad edilən yeniliklərlə bağlıdır;

11.Universitetlərin inkişafı ilə bağlı 3 əsas əlaməti fərqləndirmək gərəkir: istedadlıların cəmləşməsi (müəllimlər, tələbələr və inzibatçılar arasında); resursların bolluğu (maliyyə və infrastruktur); çevik idarəetmə (idarəetmədə sərbəstlik, innovativ qərarlar və bürokratik baryerlərin yoxluğu). Bu qeyd olunanlar üç əsas həlledici funksiyada özünü göstərir: 1) yüksək ixtisaslı kadrların hazırlanması; 2) elmi tədqiqatlar və 3) cəmiyyətin rifahı; 

12. Universitetlər ən qabaqcıl tədqiqatlarla məşğul olur və müasir dövrün ən yaxşı kəşflərinə səy göstərir, bununla da beynəlxalq səviyyədə bu sahədə  mühüm vəzifələri yerinə yetirməklə, bəşəriyyətin rifahını yaxşılaşdırırlar; 

13. Dünya səviyyəli universitetin yaradılmasına beynəlxalq təcrübədən yanaşdıqda üç əsas strategiya fərqlənir: 

1) potensialı mövcud olan bir neçə universitetlərin səviyyəsinin artırılması və onların qabaqcıl təhsil müəssisəsinə çevrilməsi; 

2) bir neçə universitetin birləşməsi nəticəsində yeni universitetin yaradılması, dünya səviyyəli universitetə xas olan sinergetik inkişafın (effektin) yaradılması; 

3) sıfırdan başlayaraq yeni universitetin yaradılması. 

Bu üç strategiyanın hər birinin öz üstünlükləri və çatışmayan cəhətləri vardır; 

14. Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsi və idarə edilməsi proseslərini həyata keçirən inzibatçılar, əsasən, nəşr sayı və elmi jurnallarda istinad edilmələrindən istifadə edirlər. Bizim fikrimzicə, elmi işçilərin və kollektivlərin fəaliyyətinin qiymətləndirilməsi çox ciddi ekspertizaların nəticəsi əsasında aparılmalı və elmi nəticələrin publik olaraq müzakirəsindən sonra həyata keçirilməlidir. Elmi jurnallarda dərc olunanlar və istinadların sayına görə hesablanan elmmetrik göstəricilər yalnız məlumat – yardımçı rolunu oynaya bilər. Məsələn, 1995-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almış Ed Lyus çox az məqalə dərc etdirmiş və aşağı h– indeksə malik olmuşdur; 

15. “Dərc etdir, yoxsa məhv olarsan” prinsipi, yəni keyfiyyətindən və impakt -faktordan asılı olmayaraq çoxlu sayda dərcolunma tələb olunur. Akademik ictimaiyyətin əksər nümayəndələri artıq bu fikirdədirlər ki, dünyada elmi nəşrlərin keyfiyyəti əvəzinə, onların miqdarına daha çox üstünlük verilməkdədir. Belə ki, dərsdemə yükləri daim artır, tələbələrin sayı çoxalır, əksər müəllimlər üçün isə elmi tədqiqatlar ön plana çıxır və tədris ikinci dərəcəli işə çevrilir. Məlumdur ki, tələb təklifi formalaşdırır, buna görə də çoxlu sayda oxunmayan və kütləvi nəşrlər üçün nəzərdə tutulan jurnalların sayı artmaqdadır, bu jurnalların əsas vəzifəsi dərcedilmə fəallığını təmin etməkdir;

16. Daim dərc olunma tələbi akademik cəmiyyətin fərdiləşdirilməsinə aparır: ali təhsil müəssisələri akademik kommissiyalara və gənc əməkdaşlara kömək tələb olunan sahələrd az vaxt sərf edirlər. Belə ki, onlar üçün əsas prioritet daha çox dərc olunmaq və xarici qrantlar əldə etməkdir, bu halda karyera artımı mümkün olur. Buna görə də gənc alimlər özlərinin akademik karyerasının başlanğıcında belə bir fikri özləri üçün əsas qəbul edirlər ki, onların əsas vəzifəsi həqiqəti axtarmaq deyil, daha çox dərc olunmaq  əsas məqsəddir. Bu isə onların peşə intizamına, keyfiyyət standartlarına və tədqiqatçı davranışlarına mənfi təsir göstərə bilər;

17.Dərinləşən “reytinq lixoradkası” dərcolunma fəaliyyətinin əhəmiyyətini artırır, belə ki, bu, əsas aparıcı indikatorlardan biri kimi çıxış edir və reytinqlərin müəyyənləşdirilməsində istifadə olunur. Reytinqlərdə yerlər müəyyənləşdirilərkən dərc olunmaların keyfiyyəti yox, onların miqdarına istinad edilir, buna görə də universitetlər dərc olunmanın sayını artırmaqda maraqlıdırlar. Belə olduğu şəraitdə isə alimlər keyfiyyəti qurban verməklə yanaşı, həm də tədqiqatın istiqamətini dəyişir. Bunun əsas səbəbi daha yüksək impakt faktorlu və digər formal göstəricilərlə nəşr olunmaqdan ibarətdir; 

18. Müasir şəraitdə müəllimin elmi tədqiqat işləri universitetdə onun imicinə müsbət təsir edən əsas vasitələrdən və xüsusiyyətlərdən hesab olunur. Elmi nəticələr əvvəldə bildirdiyimiz kimi, əsasən, konfranslarda səslənir, tədris prosesi isə “bağlı qapılar arxasında” müəllimlə tələbənin real dialoqu əsasında auditoriyada aparılır. Bu işin nəticəsi uzunmüddətli perspektivdə özünü göstərə bilər, yəni məzun işə düzəldikdə nəticə kimi qəbul etmək olar. Elmi tədqiqat işləri “tez xarab olan” resurslardır və onlar, adətən, cari mərhələdə aktualdır, istənilən rəqabət mühitində isə daim potensialın artırılması tələb olunur: ildən-ilə elmi tədqiqat işləri üzrə hesabat formaları mürəkkəbləşdirilir və bu hal ali təhsilin keyfiyyətinin ümumilikdə meyarlarına da aiddir. Universitetlərin iqtisadi korporasiyalara çevrilməsi yeni tip müəllimləri tələb edir. Müəllim bu halda özünün elmi tədqiqat işləri ilə yanaşı, onun reallaşdırılmasında, yəni elmi logistikanın təşkilində iştirak etməlidir; 

19. Ümumən universitetlərdə təhsil proqramları üçün dil seçərkən ona çəkilən xərcləri və verə biləcəyi nəticələri ciddi şəkildə anlamaq və təhlil etmək zəruridir. Başqa bir problemi humanitar və sosial elmlərə daha çox aid etmək olar. Belə ki, ingilisdilli beynəlxalq jurnallarda çoxlu sayda dərc olunma yarışına məcbur qoşulduqlarından, alimlərin əhəmiyyətli bir hissəsi yerli mətbuatda və elmi jurnallarda az dərc olunur, bu isə ictimai diskussiyanın inkişafına mənfi təsir göstərir. İngilis dilinin humanitar və sosial elmlərdə monopoliyasının saxlanılması arzu olunmayandır, belə ki, sosial  və humanitar elmlərin əsasında çoxdillilik və çoxmədəniyyətlilik əsas şərtdir;  

20. Çox sayda qeyri- ingilis dilli nəşrlər  beynəlxalq meyarlar və tələblərə cavab vermir, bu isə alimlərin elmi fəaliyyətini məhdudlaşdırır. Ona görə də, daha yüksək karyera arzusunda və məqsədində olan alimlər beynəlxalq səviyyədə nüfuzlu hesab olunan elmi jurnallarda nəşr olunmağa can atırlar. Bu isə bir çox hallarda müxtəlif səbəblərdən mümkün olmur. Buna görə də tədqiqatçılarımız və alimlərimiz elmi axtarışlarının nəticələrini beynəlxalq səviyyəli nüfuzlu nəşrlərin meyarlarına uyğunlaşdıran milli elmi jurnallarda  çapını təşviq etmək gərəkdir.

Beləliklə, Müasir universitetin missiyası – sürətli dəyişikliklər şəraitində necə yaşamaq sualına cavab tapmaq, praqmatik yanaşmaları müəyyənləşdirmək, bazar iqtisadiyyatı şəraitində insan həyatının bütün sahələrinə aid problemləri öyrənmək, cəmiyyətin sürətli diferensiasiyasını izləmək, araşdırmaq və bu proseslərdə ali təhsil müəssisəsinin xüsusi yerini tapmaqdan ibarətdir. 

Modern universitetlər həm tədqiqat, həm də tədris prosesini həyata keçirən araşdırma müəssisələridir. Universitetlər elmi bilikləri öyrənmək arzusunda olanlara çatdıran və elmi araşdırmaları fasiləsiz davam etdirən elmi mərkəzlərdir.
 

İqtisad elmləri doktoru

Azərbaycan, Türkiyə və Rusiya Federasiyasının professoru, Əməkdar müəllim

Zahid Məmmədov 

TOP XƏBƏRLƏR