2-3 oktyabr 2025-ci il tarixlərində UNEC-də “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfrans UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illik yubileyinə həsr olunub. Konfransın əsas məqsədi inklüziv təhsil strategiyalarının inkişafı, rəqəmsal transformasiya və süni intellektin tətbiqi ilə bağlı çağırışları müzakirə etməkdir. Bununla yanaşı, xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq mübadilə proqramlarına çıxış imkanlarının artırılması və inklüziv cəmiyyətin qurulmasında universitetlərin rolu tədbirin əsas istiqamətlərindən biridir.
İki gün davam edəcək konfransın panel bölmələrində “İnklüziv ali təhsildə qlobal trendlər”, “Universitetlərin inklüziv və sosial ədalətli cəmiyyətin qurulmasında rolu”, “İnklüziv rəqəmsal transformasiya: xüsusi təhsil ehtiyacları olan tələbələr üçün beynəlxalq mübadilə proqramlarına çıxış imkanları”, “Beynəlxalq kontekstdə inklüzivlik: müxtəlif ölkələrin müqayisəli təhlili”, “Əlçatanlığın təmin edilməsində innovativ yanaşmalar”, “İnklüziv ali təhsilin idarə edilməsi: xüsusi təhsil ehtiyacları olan tələbələr üçün maliyyələşdirmə və təqaüdlər”, “Ağıllı şəhərlər və inklüziv cəmiyyətin inkişafında rəqəmsal texnologiyalar”, “Süni intellektlə əlilliyi olan şəxslər arasında qarşılıqlı əlaqə”, “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün süni intellektin tətbiq təcrübəsi” mövzularında maraqlı çıxışlar olacaq.
Konfransda yerli və beynəlxalq ekspertlər, ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, tələbələr iştirak edəcəklər.