A

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində UNEC alimlərinin müəllifi olduğu və tərcümə edilmiş 3 kitabın təqdimatı keçirilib.

Nizami Gəncəvi təqdimat zonasında keçirilən tədbirdə UNEC əməkdaşları, tələbələr və sahə ilə bağlı maraqlı şəxslər iştirakı edib.

Tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.f.d. Adilə Abdullayeva açaraq UNEC-də aktual mövzularda kitabların nəşri, tərcüməsi və təqdimatının keçirilməsinin ənənə halını aldığını diqqətə çatdırıb. O, qeyd edib ki, UNEC Rəqəmsal nəşriyyatında yüksək keyfiyyətlə çap olunmuş kitabların XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatının keçirilməsi əlamətdar hadisədir və bu nəşrlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi, i.ü.f.d. Cəbrayıl Vəliyev “Dairəvi iqtisadiyyat” kitabını təqdim edərək nəşrin UNEC-in 95 illik yubileyinə həsr edilmiş İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı çərçivəsində çap olunduğunu diqqət çatdırıb. O, kitabın resursların səmərəli istifadəsi, tullantıların minimuma endirilməsi və istehsal-istehlak proseslərinin davamlı şəkildə təşkili prinsiplərini özündə ehtiva etdiyini deyib. Vəsaitin iqtisadiyyat və biznes ixtisasları üzrə təhsil alan tələbələr, tədqiqatçılar, sahibkarlar və dayanıqlılıqla maraqlanan mütəxəssislər üçün faydalı olacağını bildirib.

UNEC-in Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov tərcüməçilərindən biri olduğu “Dayanıqlı enerji” kitabını təqdim edib. O, qeyd edib ki, UNEC müəllimləri tərəfindən tərcümə olunmuş 21 fəsildən ibarət kitab müasir enerji siyasəti, bərpa olunan enerji mənbələri və onların iqtisadi təsirlərini əhatə edir. Kitabda bərpa olunan enerji resurslarından istifadənin tarixi inkişafı, cari vəziyyəti və gələcək inkişaf istiqamətləri əhatə olunub, ekoloji dayanıqlılıq, enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji istehlakında alternativ enerji mənbələrinin payının artırılması perspektivləri ətraflı şəkildə təhlil olunub. Vurğulanıb ki, təqdim edilən kitab tələbələr və mütəxəssislər üçün həm nəzəri, həm də praktik bilikləri özündə birləşdirən dəyərli dərs vəsaitidir.

UNEC-in baş müəllimi Cəbrayıl Vəliyev Azərbaycan dilinə tərcümə edilmiş Paul De Qrauvun “Bazarın hüdudları” kitabı haqqında məlumat verərək, kitabın elmi dəyəri və oxuculara çatdırdığı əsas ideyalar haqqında fikirlərini bölüşüb. Bildirib ki, iqtisad elminin müasir iqtisadi nəzəriyyələrindən - Keynsçilikdən tutmuş institusionizmə qədər aparıcı istiqamətləri əhatə edən müasir iqtisadi ədəbiyyatlarda geniş istifadə olunan əsas yanaşmalar kitabda şərh və bəzən tənqid edilib. Tərcümə nəşrində bazar sistemi və ya dövlət tənzimlənməsi sisteminin özəllikləri və uğur şərtləri də təhlil olunub.

TOP XƏBƏRLƏR