A

Bəxtiyar Vahabzadə yalnız şair deyildi. O, həm də Azərbaycan xalqının milli oyanışını sürətləndirən, onu azadlıq ideyaları ətrafında birləşdirən, dilimizin, mədəniyyətimizin və milli kimliyimizin qorunması uğrunda daim mübarizə aparan böyük bir şəxsiyyət idi. Onun yaradıcılığı təkcə poeziyanın sərhədləri ilə məhdudlaşmır; Vahabzadə həm milli kimlik, həm azadlıq ideyası, həm də ictimai şüurun oyanışı baxımından Azərbaycan tarixində mühüm bir mərhələnin ideoloji dayaqlarını möhkəmləndirən şəxsiyyət kimi qiymətləndirilir.

Sovet ideoloji çərçivəsinin sərt olduğu dövrlərdə Bəxtiyar Vahabzadə milli kimlik və dil məsələsini, türkçülüyü cəsarətlə gündəmə gətirən ziyalılar arasında ön sırada idi. Onun “Ana dili”, “Gülüstan”, “Azərbaycan”, “Vicdan”, “Şəhidlər” kimi əsərləri xalqda milli oyanış, tarixi yaddaş və kimlik duyğunu gücləndirmişdir.

“Gülüstan” poeması 1813-cü il Gülüstan müqaviləsinin Azərbaycan torpaqlarını iki yerə bölməsinin faciəvi nəticələrini poetik dildə ifadə etmiş, Sovet senzurasında belə milli həmrəyliyi təlqin edən əhəmiyyətli əsər kimi tarixə düşmüşdür. Əsər 1959-cu ildə yazılmış və 1960-cı ilə qədər əyalət qəzetində çap olunmuşdur. Lakin bundan xəbər tutan Sovet Rusiyası dərhal bu qəzetin nəşrini dayandırmış. Bununla da sakitləşməyib, 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən (indiki Bakı Dövlət Universitetindən) uzaqlaşdırılmışdır. Amma Bəxtiyar Vahabzadənin tələbələrinin etirazından sonra Sovet Rusiyası onu akademik məzuniyyətə yolladıqlarını bildirmiş və iki il sonra auditoriyaya geri qayıtmağına icazə vermişlər.

Bəxtiyar Vahabzadə Gülüstan poemasında Araz çayını həm yas çayı, həm də ümid çayı adlandırırdı. Eyni zamanda əsərində qeyd edirdi ki, bu müqavilə sərhədləri dəyişə bilər, amma insanların qəlbində, ürəyində, dilində və mədəniyyətində olan birliyə sərhəd qoya bilməz. Araza xitab edərək deyirdi:

“Araz, Araz, ay Araz!
Mən səndən ayrılmaram”  

Dil, vətən, torpaq, azadlıq kimi məfhumların poetik mətnlər vasitəsilə qorunması xalqda milli düşüncənin canlı saxlanmasına mühüm təsir göstərmişdir. Bu əsərlər Azərbaycanın tarixi proseslərində – xüsusilə 1980–1990-cı illərin milli-azadlıq hərəkatında – ideoloji baza kimi çıxış etmişdir.

Sovet ideologiyası altında milli problemləri dilə gətirmək qadağan olsa da, Vahabzadə simvolik, metaforik, lakin dərin məna daşıyan poetik dili ilə xalqı milli problemlərə yönəldə bilirdi. O, repressiya qorxusuna baxmayaraq, tarixi ədalətsizliklərin tənqidini, milli ruhun qorunmasını, türk dünyasının birliyi fikrini, ana dilinin qorunması zərurətini çox vaxt allegorik şəkildə ifadə etmişdir.

Bu yanaşma Azərbaycan tarixində milli özünüdərkin davamlılığını təmin edən əsas intellektual dayaqlardan biri olmuşdur.

1980-ci illərin sonlarında Azərbaycan xalqı Sovet rejiminin təsirlərindən xilas olmağa başladığı zaman Vahabzadənin uzun illərdir qələmə aldığı fikir və ideyalar hərəkatın ideoloji əsasını təşkil etmişdir.

Bəxtiyar Vahabzadə uzun illər Azərbaycan dilinin statusu və qorunması uğrunda mübarizə aparmış, dilin tədrisi və inkişafı ilə bağlı onlarla məqalə və çıxışlar etmişdir.

1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması prosesində onun intellektual və ideoloji mövqeyi böyük rol oynamışdır.

Vətən rədifli qəzəlində vətən sevgisi, torpaq sevgisi  öz əksini tapmışdı. Qəzəlin bir misrasını qeyd etmək istərdim.

“Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa?
Vətən də bizim tək ölər, yox olar,
Vətənin yolunda ölən olmasa.”

 Bu gün Vahabzadənin irsini öyrənmək təkcə ədəbi məsələ deyil, həm də milli ruhun, azərbaycançılıq ideologiyasının davam etdirilməsi deməkdir. Sonda böyük şairin öz sözlərini xatırlamaq yerinə düşərdi:

“Mən varam, deməyə bir Vətənim var!”

Bu vətəni yaşadanlar isə elə Bəxtiyar Vahabzadə kimi ölməz şəxsiyyətlərdir. Bəxtiyar Vahabzadə milli yaddaşın qoruyucusu idi. Onun yaradıcılığı Azərbaycan xalqının keçdiyi yolun poetik salnaməsidir. O, vətənin ağrılarını, millətin sarsıntılarını, haqq mübarizəsini yalnız hiss etməklə kifayətlənmirdi, həm də bu gerçəklikləri cəsarətlə ifadə edirdi.

Qarabağ problemi yenidən alovlandığı zaman Vahabzadə susmadı, susa bilmədi. O, əsərlərində Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu bölgə ilə tarixi bağlarını, mədəni irsini və ərazi bütövlüyümüzün pozulmasının yaratdığı faciələri cəsarətlə qələmə aldı. Bununla da şairin poeziyasında Qarabağ təkcə coğrafi məkan deyil, həm də milli kimliyin, tarixi yaddaşın, mənəvi bütövlüyün rəmzi kimi təqdim olunurdu.

Onun məşhur çıxışları, tribunadan səsləndirdiyi fikirlər, beynəlxalq tədbirlərdə qaldırdığı problemlər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə vermişdir. Vahabzadə Azərbaycanın haqq səsini poetik sözlə, mübariz ruhla, qeyrətli duruşla müdafiə edən ziyalı nümunəsi idi. O, deyirdi:

“Vətən yarası mənim yaramdır. Bu yaraya biganə qalan öz canına biganədir.” Bu sözlər onun həyat mövqeyinin ən dolğun ifadəsidir. Bu gün Qarabağ azaddır, Azərbaycanın müzəffər ordusu torpaqlarımızı işğaldan azad edib. Bu qələbə həm də Vahabzadə kimi xalqını sevən ziyalıların illərlə xalqın ruhunda yaşatdığı milli dirənişin məntiqi nəticəsidir. Onun ideyaları, milli qeyrəti aşılayan misraları gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasında bu gün də böyük əhəmiyyət daşıyır. Bəxtiyar Vahabzadə Qarabağ həqiqətlərinin müdafiəçisi olmaqla həm də Azərbaycanın milli mübarizə tarixinin silinməz simvollarından birinə çevrilmişdir.

Dosent Cəmilə Vaqif qızı HƏSƏNOVA
Tarix üzrə fəlsəfə doktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay