A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.

İlk tədbir görkəmli alim, tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyinə həsr olunub. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti ilə yanaşı, alimin ailə üzvləri, tələbələri və yaxınları da iştirak ediblər.

Rektor Ədalət Muradov bu il Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 yaşının qeyd olunacağına diqqət çəkərək, yubileylə bağlı müvafiq əmr imzaladığını və tədbirlər planın təsdiqləndiyini vurğulayıb. Tədbirlər planına əsasən, UNEC-də çalışmış, universitetdə və ölkədə özündən sonra böyük izlər qoyan dəyərli alimlərimizin xatirəsinin yad edilməsinin də nəzərdə tutulduğunu qeyd edən rektor, professor Qaçay Heydərovun 100 illik yubileyinin də məhz həmin çərçivədə keçirildiyini bildirib.

Rektor Qaçay Heydərovun İqtisad Universitetinin formalaşmasında və inkişafında,  eləcə də ölkəmizdə müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən məzunların yetişməsində böyük rolu olan alim, ictimai xadim olduğunu vurğulayıb. O, tanınmış alimin Xalq Təsərrüfatı İnstitutunda “İqtisadi tarix” kafedrasının əsasını qoyduğunu və həmin kafedraya uzun müddət rəhbərlik etdiyini bildirib. Alimin ən böyük irsinin onun yetişdirdiyi tələbələr olduğunu deyən professor Ə.Muradov, həmin tələbələr arasında akademik Ziyad Səmədzadə kimi dəyərli alimlərin olduğunu diqqətə çatdırıb. Rektor Qaçay müəllimin Azərbaycanda nüfuzu və hörməti ilə tanınan böyük bir ailənin nümayəndəsi olduğunu, vətənini böyük məhəbbətlə sevən alimin II Dünya müharibəsində fəal iştirak etdiyini deyib. Qaçay Heydərovun insanlığın zirvəsində dayanan böyük ziyalı olduğunu deyən professor Ə.Muradov, onun həyatını da “qartal” kimi zirvədə başa vurduğunu deyib.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-in 90 illiyi münasibətilə rektorun təsdiqlədiyi tədbirlər planının əhəmiyyətindən söz açaraq, ölkənin tanınmış ziyalılarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlərin cəmiyyətimizin saflığını, gələcəyə inamını daha da artırdığını, eyni zamanda Azərbaycan təhsilinin, iqtisad elminin qorunmasına xidmət etdiyini vurğulayıb.

Qaçay Heydərovun Azərbaycanda iqtisadçı mütəxəssislərin yetişməsində, o cümlədən akademikin həyatında müstəsna rol oynadığını deyən akademik Z.Səmədzadə alimin iqtisad elminin tarixinin öyrənilməsindəki böyük xidmətlərindən söz açıb. Görkəmli alimin ömrünün 50 ilə yaxın hissəsini İqtisad Universitetində çalışdığını, özünəməxsus tədris metodu ilə yüksək ixtisaslı kadrlar yetişdirdiyini, tələbələrinin sevgisini və hörmətini qazandığını bildirib. Z.Səmədzadə Ulu öndərin “Müstəqilliyin hər gününün tarixi yazılmalıdır” fikirlərinə diqqət çəkərək, iqtisad elminin tarixinin öyrənilməsinin vacibliyindən də danışıb. Bu gün də dünyanın bütün ölkələrinin öz iqtisadi tarixinin öyrənilməsi üçün müxtəlif tədqiqatlar apardıqlarını bildirib.

Tədbirdə çıxış edən şair Şirin Məmmədli görkəmli elm xadimi, professor Qaçay Heydərovun 100 illik yubileyi münasibətilə müəllifi olduğu “Qaçay Heydərov-100” kitabını iştirakçılara təqdim edərək, alimlə bağlı xatirələrini bölüşüb. Ş.Məmmədli  alimə həsr etdiyi “Qaçay” poemasından misralar səsləndirib.

Sonra UNEC-in professoru Hidayət Cəfərov uzun illər birlikdə çalışdığı Q.Heydərovun yüksək pedaqoji keyfiyyətlərindən, tətbiq etdiyi unikal tədris metodikasından söz açıb, onun müəllim adını daim yüksək tutduğunu və universitet kollektivi tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

İqtisadiyyat fakültəsinin dekanı, alimin tələbəsi, dosent Asiman Quliyev isə görkəmli elm xadiminin peşəkar müəllim və alicənab insan kimi tələbələrinin sevgisi qazandığından bəhs edərək, onun tələbələrilə keçirdiyi görüşlərdən, elmi diskussiyalardan danışıb, sevimli müəllimi ilə bağlı xoş xatirələrini bölüşüb.

Alimin yubiley tədbirində iştirak edən qohumları və yaxınları, ehtiyatda olan polis polkovniki Mahir Əbilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Qələndər Xaçınçaylı, BDU-nun professoru Sədi Bayramov professor Qaçay Heydərovun keçdiyi ağır və şərəfli həyat yolundan danışıblar. Alimin hələ kiçik yaşlarında anasını itirdiyini, onun nakam ölümünü heç vaxt unuda bilmədiyini və anasına olan sonsuz məhəbbətini özünün qələmə aldığı “Ana” şeirində ifadə edərək təsəlli tapdığını bildiriblər. Çıxış edənlər Qaçay müəllimin müdrikliyindən, xeyirxahlığından, yüksək insani keyfiyyətlərindən söz açıblar, Azərbaycanın görkəmli elm simaları arasında özünəməxsus yeri olan iqtisadçı-alim Qaçay Heydərovun bu gün də nüfuzlu şəxsiyyət kimi xatırlandığını bildiriblər.

Tədbirdə görkəmli alimə həsr olunan videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR