A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli iqtisadçı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Teymur Vəliyevin həyat və yaradıcılığına həsr olunan “Biliyə əsaslanan iqtisadiyyat: keçidin tezləşdirilməsi zəruriliyi və mexanizmi” mövzusunda onlayn konfrans keçirilib.

Rus İqtisad Məktəbi və UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə keçirdiyi konfransda universitetin professor müəllim heyəti ilə yanaşı, professor Teymur Vəliyevin ailə üzvləri də iştirak ediblər.

Rus İqtisad Məktəbinin direktoru, Koqnitiv iqtisadiyyat UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dos. Mənsur Bərxudarov görkəmli alim Teymur Vəliyevin yüksək pedaqoji keyfiyyətlərindən danışıb.

Elm və innovasiyalar üzrə prorektor professor Sakit Yaqubov Teymur Vəliyevlə bağlı xatirələrini bölüşüb, alimin keçdiyi elmi yola qısa nəzər salıb. Tədbirdə iştirak edən millət vəkili, professor Rüfət Quliyev görkəmli iqtisadçı alimin onun elmi rəhbəri olduğundan danışaraq, Teymur Vəliyevi xeyirxah bir insan kimi xatırlayıb.

UNEC Ekonofizika tədqiqat mərkəzinin rəhbəri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktik iqtisadiyyat” kafedrasının müdiri professor Ümidvar Əliyev, dosent Zöhrə Mustafayeva, dosent Natiq Qurbanov və digər çıxış edənlər görkəmli iqtisadçı alim Teymur Vəliyevlə bağlı xatirələrini bölüşüblər.

Konfransın əsas məruzəçisi dosent Mənsur Bərxudarov “Koqnitiv potensial, bilik iqtisadiyyatına keçid və onun reallaşma mexanizmi” mövzusunda çıxış edərək bilik iqtisadiyyatı və koqnitiv potensial anlayışlarının məzmunun açıqlayıb və Azərbaycanda bilik iqtisadiyyatına keçmək üçün dövlətimizin həyata keçirdiyi siyasətin sistemli və ardıcıl xarakter daşıdığını vurğulayıb. Məruzəçi Azərbaycanda bilik iqtisadiyyatına keçidin tezləşdirilməsi üçün Dünya Bankının tövsiyələri ilə yanaşı, təkliflər də səsləndirib.

Bilik iqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov “Bilik əsaslı iqtisadiyyatda 4 sütun (four pillars) yanaşması və kriteriyaların təhlili” adlı məruzəsində yeni minilliyin əsas trendi olan bilik iqtisadiyyatının konseptual çərçivəsini təqdim edib, Biliyin Qiymətləndirilməsi Metodologiyasını (KAM) təqdim edərək Bilik İqtisadiyyatı İndeksinə görə qiymətləndirmədə nəzərə alınan indikatorları və onların prosesə olan təsirini qeyd edib. O, bu kriteriyalara görə uğur qazanmış ölkə nümunələrini göstərərək Azərbaycanın mövqeyini də şərh edib. Yekunda Bilik İqtisadiyyatına keçidə ciddi töhfə verə biləcək Universitet-Dövlət-Sənaye mexanizmini təhlil edib.

UNEC magistrantı Aslan Əzimzadə tələbələrin də bilik iqtisadiyyatı sahəsində aparılan tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayıb.

Tədrbirin sonunda mərhum alimin övladı, iqtisadçı alim, AR Energetika nazirinin müavini Samir Vəliyev atası haqqında xoş sözlərə və xatirəsinin yad edildiyinə görə universitet rəhbərliyinə, konfransın ərsəyə gəlməsində iştirak edənlərin hər birinə təşəkkürünü bildirib. Məzunu olduğu UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitet kollektivini təbrik edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay