A

AZƏRTAC

Ölkəmizin qocaman və aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 yaşı tamam olur. Universitet fəaliyyət göstərdiyi bütün dövrlərdə cətin, ziddiyyətli və eyni zamanda, xüsusən son illərdə şərəfli tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı kadr hazırlayan, xidmətlər göstərən elm və təhsil mərkəzidir. Universitetin hazırkı inkişaf səviyyəsinə çatması yolları heç də asan və hamar olmayıb. Əgər universitetin keçdiyi 90 illik tarixinə nəzər salsaq, onun son dərəcə mürəkkəb, ziddiyyətli, sıxılmalar və anlaşılmaz hadisələrlə müşahidə olunduğunu görərik. Belə ki, hazırkı İqtisad Universitetin bu 90 ildə müxtəlif adda sələfləri olmuş institutlar 3 dəfə (1941-1945, 1959-1966 və 1987-1990-cı illərdə) ləğv edilərək bağlanıb, yaxud da başqa institutların tərkibində öz fəaliyyətini fakültə statusunda davam etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədovun “Azərbaycan Dövlət İqtisad Universiteti intibah dövrünü yaşayır - UNEC 90” sərlövhəli yazısında yer alıb.

M.Əhmədov 2014-cu ildən başlayaraq UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirləri, struktur dəyişiklikləri diqqətə çatdırıb. O qeyd edib ki, universitetdə tədrisin səmərəliliyinin təşkili ilə əlaqədar Tədris Metodiki və Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi mərkəzləri, Beynəlxalq və Rus İqtisad məktəbləri və s. yaradılıb. Bu mərkəzlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlanır və elmi araşdırmalar həyata keçirilir. Hazırda universitetdə 4 dildə (Azərbaycan, türk, rus və ingilis dilində) tədris prosesi həyata keçirilir.

UNEC-in nəzdində Zaqatala filialı, Azərbaycan Maliyyə-İqtisad Kolleci, habelə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə Dərbənd filialı fəaliyyət göstərir.

Universitetdə tələbələrin keyfiyyətli təhsil almasında müvafiq informasiya bazasının olması çox zəruridir. Bu məqsədlə 2018-ci ildən ölkədə ilk dəfə olaraq universitetdə 7 gün, 24 saat fəaliyyət göstərəcək “UNEC 24/7” kitabxanası istifadəyə verilib. İqtisad Universitetində 2015/2016-cı tədris ilindən tətbiq olunmağa başlayan “EDUMAN” elektron universitet modeli təhsilin keyfiyyətini yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarə edilməsinin müasir tələblər səviyyəsində qurulması məqsədinə xidmət edir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində universitetdə digər innovativ tədbir “DocNet” – Elektron sənəd dövriyyəsi sisteminin yaradılmasıdır. Bu gün bu sistem çox uğurla işləyir.

UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə pedaqoji fəaliyyətlə məşğul olan müəllimləri və pedaqoji fəaliyyətlə yanaşı. həm də ciddi tədqiqat aparan müəllimləri fərqləndirmək üçün obyektiv və şəffaf meyarları özündə ehtiva edən qaydalar hazırlanıb və bununla UNEC professor-müəllim heyəti üzvlərinə maddi cəhətdən stimullaşdıran “tədqiqatçi” statusunun verilməsi haqqında qərar qəbul olunub.

Son iki ildə universitetin professor-müəllim heyətinin dünyanın nüfuzlu jurnallarında dərc olunan məqalələrinin sayı kəskin artıb. Belə ki, “Web of Science” və “Scopus”da 2015-ci ildə cəmi 5 məqalə çap olunduğu halda, 2018-ci ildə bu rəqəm 82-yə, 2019-cu ildə isə 258-ə çatıb. UNEC-də beynəlxalq indeksləşdirilmiş mənbələrdə çap olunmuş məqalələrin sayı 2019-cu ildə 2015-ci ilə nisbətən 51,6 dəfə, 2018-ci ilə nisbətən isə 3,2 dəfə artıb.

İstinadların sayına görə UNEC 2018-2019-cu illərdə Azərbaycan universitetləri arasında birinci yerə çıxıb. Qlobal təhsil və tədqiqat bazarına inteqrasiya etmək, yüksəkkeyfiyyətli tədris və tədqiqatların həyata keçirildiyi universitetə çevrilmək məqsədilə UNEC dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetləri, habelə beynəlxalq elm, təhsil təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir və birgə proqramlar reallaşdırır.

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” “THE İmpact Ranking” reytinqinin 2020-ci ilin aprel ayında yayımladığı hesabatda UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycan üzrə isə birinci yerə layiq görülüb. UNEC-in beynəlxalq inkişaf strategiyasında əsas hədəflərdən biri də ikili diplom proqramlarıdır. Bu istiqamətdə aparılan uğurlu addımların nəticəsində dünyanın tanınmış universitetləri ilə müqavilələr imzalanıb və fəaliyyətlər genişlənib. 2019-cu il üzrə UNEC bakalavr və magistratura təhsil səviyyəsi üzrə dünyanın 9 universiteti ilə ikili diplom müqaviləsi imzalayıb.

İkitərəfli əməkdaşlıq proqramları çərçivəsində universitet Fransanın Monpelyer Universiteti, Almaniyanın Siegen Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi, Türkiyənin Anadolu Universiteti və Beykent Universiteti ilə uğurla əməkdaşlıq edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” markası 2016-cı ilin yanvar ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. 2018-ci ilin dekabrında “UNEC” markası Türkiyədə “Türk Patent və Marka Kurumunda” rəsmi qeydiyyata alındıqdan sonra Avropanın daha 5 ölkəsində - Polşada, Slovakiyada, Latviyada, Litvada və Xorvatiyada qeydiyyata alınıb. Avropanın daha 8 ölkəsində “UNEC” markasının tanınması üçün zəruri işlər tamamlanıb.

Aydındır ki, təhsilin keyfiyyətinin yüksəldilməsi həlledici dərəcədə onun maddi-texniki və informasiya bazasının müasir tələblərə cavab verməsindən çox asılı olur. Bu baxımdan yaxın günlərdə istifadəyə veriləcək UNEC-in yeni kompusunu xüsusi qeyd etmək istərdik. Dörd korpusdan ibarət olan bu kompusda müasir texniki-texnoloji vasitələrlə tam təchiz olunmuş dərs auditoriyaları və laboratoriyalar fəaliyyət göstərəcək.

2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə bağlı əsas hədəfləri özündə ehtiva edən “UNEC-100” strategiyası qəbul edilib. Həmin strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin yaradılması və “Scopus” indeksli UNEC beynəlxalq konfransın təşkil edilməsi orta müddətli dövrdə qarşıda duran əsas vəzifə kimi müəyyən edilib.

Son illərdə UNEC-də modernləşmə prosesi çərçivəsində hadisələrin başvermə tezliyi, aparılan islahatların yüksək effektivlik dərəcəsi və əldə olunan uğurlu nəticələrin gerçək xarakterliliyi belə bir qəti qənaətə gəlməyə tam əsas verir ki, universitetin qlobal miqyasda yüksək reytinqli universitetə çevriləcəyi gün heç də uzaqda deyil.

TOP XƏBƏRLƏR