A

modern.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il yaranmasının 90 illik yubileyini qeyd edir.

Bu gün Azərbaycanın və bütövlükdə Qafqazın mühüm ali təhsil  ocaqlarından olan UNEC  kifayət qədər mürəkkəb bir tarixi inkişaf  yolu keçib.

1930-cu ildə yaranan universitet sovet ali təhsil siyasətinin çox vaxt anlaşılması çətin olan islahatlarına məruz qalsa da, o dövrdə də öz nüfuzunu qoruyub saxlaya bilib və abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələrindən olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra UNEC-in inkişafı üçün yeni və geniş imkanlar açılıb. UNEC müstəqillik dövründə ölkədə aparılan ali təhsil islahatlarına uyğun olaraq, öz inkişaf yolunu müəyyənləşdirib  və bu yolda əhəmiyyətli nəticələr əldə edib.

Modern.az xəbər verir ki, universitet  rəhbərliyinin qərarına əsasən UNEC-in  90 illiyi münasibətilə 6 cildlik nəfis məlumatlandırıcı kitablar çap edilib.

UNEC 90 illik fəaliyyətindən bəhs edən,  çoxsaylı müəllif kollektivi tərəfindən qələmə alınan kitablarda  universitetin inkişaf  yolu və bu yolda əldə edilən əsas nəticələr, həmçinin universitetin rektorları, professorları, məzunları, yubiley təbrikləri  əksini tapıb. 

Kitabların hazırlanması və nəşri professor və müəllim kollektivinin  gərgin əməyi  nəticəsində  ərsəyə gəlib.

Müəllif  və redaksiya heyəti üzvlərinin əməyi isə xüsusi qeyd edilməlidir.

UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda da 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulan hədəfələrinə fokuslanıb.

Modern.az həmin kitablar haqda məlumatı təqdim edir:

“Azərbaycan Dövlət  İqtisas Universiteti  90” adlı kitab universitetin 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə etdiyi əsas nəticələri özündə ehtiva  edir.

Kitab 5 fəsildən ibarətdir.   Toplunun  baş redaktoru  UNEC  rektoru, professoru  Ədalət Muradovdur.

Birinci fəsildə 1930-cu ilə qədər, yəni Azərbaycan Dövlət İqtisad  Universitetinin ilk sələfi olan ali təhsil müəssisəsinə qədər ölkədə iqtisadçı kadr hazırlığı sahəsində ilk təşəbbüsdən bəhs edilir.  

İkinci fəsil, Azərbaycanda iqtisad yönümlü müstəqil ali təhsil ocağının formalaşması prosesinə həsr edilib.

Üçüncü fəsil, II Dünya müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanda ali iqtisadi təhsilin əsas inkişaf xüsusiyyətlərindən bəhs olunur. Dördüncü fəsildə, müstəqil Azərbaycanda həyata keçirilən ali təhsil islahatları fonunda UNEC-in əsas inkişaf mərhələləri şərh edilir. Beşinci fəsildə isə, 90 yaşında UNEC-in mövcud vəziyyəti, son illər əldə etdiyi uğurlar öz əksini tapıb.

 “Azərbaycan Dövlət İqtisad universiteti, UNEC rektorları 1930-2020”  kitabında  bu günədək universitetin rektoru olan 18 alimdən  bəhs edilir.

Məlumat üçün bildirək ki, universitetin ilk rektoru Mehdibəy İsmayılov , sonuncusu və hazırkı  rektoru isə professor Ədalət  Muradovdur.

“Azərbaycan Dövlət İqtisad Universitetinin professorları 1930-2020”  kitabında geniş olaraq universitetin keçmişdən bugünə olan professor heyətindən bəhs edilir.  Kitabda 164 professor haqda məlumat yer alıb.

“Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları”  adlı kitabda universiteti əla göstəricilərlə baş vurub hazırda müəyyən vacib vəzifələrdə çalışan məzunları yer alıb. Bunların sırasında Kərəm Həsənov, Natiq Əmirov, Emin Hüseynov, Xaliq Əhədov, Andrey Sipilin, Şahin Mustafayev, Mikayıl Cabbarov, Ceyhun Bayramov, Muxtar Babayev və sair şəxslərə yer verilib.

“Azərbaycan Dövlət İqtisad Universiteti , UNEC- 90 fakt 1930-2020” kitabında universitet haqda maraqlı məlumatlar yer alıb.

“UNEC-90 Yubiley təbrikləri”  kitabında universitetin yaranmasının 90 illiyi münasibətilə UNEC-in ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələlərindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olub.  Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və diləklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay