A

AZƏRTAC

Tarixi Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni quldur birləşmələrinin işğalı altında qalması xalqımızın bütün övladlarının çox böyük narahatlığına səbəb olmuşdu.

Onlar heç cür azğın düşmənin bu təcavüzü ilə barışmır və torpaqlarımızın azad olunması hissi ilə alışıb yanırdılar. Nəhayət, 2020-ci ilin payızında səbir kasası daşan qeyrətli vətən oğulları silaha sarılaraq haqq savaşına qalxdı. 44 gün davam edən mübarizədə bütün dünya xalqımızın böyük qüvvəsinin, Milli Ordunun qarşısıalınmaz gücünün, xalq-ordu-dövlət həmrəyliyinin, uzun illərin həsrətindən sonra uşaqdan tutmuş böyüyə qədər hər kəsin doğma yurda qayıdış arzusunun möhtəşəmliyinin şahidi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri öz iradəsini və gücünü ortaya qoyaraq erməni terror birləşmələrini ölkəmizin ərazisindən qovub çıxardı. Bu ilin sentyabrında aparılan antiterror tədbirləri isə Azərbaycan xalqını öz tarixi torpağının tam sahibinə çevirdi

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 5-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi, “Bacarıqlı Əllər Dünyası” və “Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliklərinin birgə təşkilatçılığı ilə “Hər şey Vətən üçün” adlı qazi və veteranlarla keçirilən görüşdə danışılıb.

Tədbirdə müxtəlif rəsmi qurum və təşkilatların nümayəndələri, şəhid ailəsi üzvləri, qazilər, sağlamlıq imkanı məhdud şəxslər, müəllim və tələbələr iştirak ediblər.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Ombudsman aparatının sektor müdiri Müqabil Mahmudov, Vətən müharibəsi iştirakçıları, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Salman Xudaverdiyev, tankçı Ramiz Şirinov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Cavid Rəhimli və başqaları çıxış edərək Vətən müharibəsi günlərində xalqımızın hərb tarixində əldə olunan möhtəşəm Zəfərdən, onun yaratdığı ruh yüksəkliyindən, gənclərin yüksək vətənpərvərlik duyğularından bəhs ediblər.

Tələbə və şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səsləndiriblər.

“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyin sədri Azadə Məmmədova bildirib ki, görüşün keçirilməsində başlıca məqsəd Vətən müharibəsində yaralanmış qaziləri, onların göstərdiyi igidlik və şücaəti təbliğ etmək, gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirməkdən ibarət olub. Digər bir məqsəd isə həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxsləri və onların ailə üzvlərini diqqət mərkəzində saxlamaq, onların cəmiyyətə inteqrasiyası idi. Tədbirin məkanının Azərbaycan Dövlət İqtisad Universiteti olması da 2015-ci ildən fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin bu sahədə uğurlu addımlar atması ilə əlaqədardır.

Tədbirin rəsmi hissəsindən sonra Vətən müharibəsi qazilərinin əl işlərindən ibarət “Zəfər uğrunda” adlı sərgi-satış keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay