A

"PALITRA" qəzeti

Fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Tədqiqat universiteti: nələri bilmirik?” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı açan UNEC-in rektoru, professor Ədalət Muradov dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, bu Sərəncamı və UNEC-in tədqiqat universitetinə transformasiya hədəfini əsas tutaraq fevralın 27-dən martın 27-dək ali məktəbdə “Elm aylığı”nın keçirilməsi ilə bağlı əmr imzalanıb. Aylıq çərçivəsində UNEC-də “Yeni elm sahələri - ekonofizika, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi maraqlı mövzulara həsr olunan tədbirlər keçiriləcək. Ə.Muradov konfransın adının təsadüfi seçilmədiyini deyib: “Bu gün biz elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanılması, ötürülməsi ilə bağlı bilmədiklərimizə aydınlıq gətirməyə çalışacağıq. Biz UNEC-i tədqiqat universitetinə transformasiya etmək istəyirik. Bu yolda xeyli addımlar atılıb, işlər görülüb. Bu məqsədlə UNEC-də 22 tədqiqat mərkəzi yaradılıb”. O diqqətə çatdırıb ki, nailiyyətlərə baxmayaraq, elmi fəaliyyət sahəsində vəziyyət hədəflərdən çox uzaqdır və universitetin potensialına cavab vermir. “Zəif tərəflərimizi aşkarlayıb etiraf edəcək qədər güclü olmalıyıq”, - deyə rektor əlavə edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini sədri, akademik Ziyad Səmədzadə nəzərə çatdırıb ki, heç bir dövlət iqtisad elmi olmadan inkişaf edə bilməz. UNEC-in hədəfləri miqyasına, əhatə dairəsinə və gələcək nəticələrinə görə Azərbaycan iqtisadiyyatı və iqtisadi elmi üçün çox vacibdir.

“İctimai elmlərin əsas problemləri” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsini akademik-katibi, akademik Nərgiz Axundova deyib: “Dövlətimizin yüksək iqtisadi inkişafına nail olmaq üçün indiyə qədər keçdiyimiz tarixi yola nəzər salmalıyıq ki, gələcək inkişafımızın hədəflərini düzgün müəyyən edə bilək”. UNEC-in elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun “Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq təcrübə və UNEC reallığı” mövzusunda məruzəsi dinlənilib. Alim universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb.

Anar

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay