A

"Azərbaycan müəllimi" qəzeti

Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlərin yeni motivasiya sisteminin tətbiqinə başlanılır.

“Nə öyrətdim?” modelindən “nə öyrənildi?” modelinə keçid kimi qiymətləndirilən yeni yanaşmadan danışan rektor Ədalət Muradov “Azərbaycan müəllimi”nə yeni motivasiya sisteminin fərqini izah edib: “Artıq on ildən çoxdur ki, universitetimizdə motivasiya sistemi fəaliyyət göstərir və bu sistemdə müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi əsasən onların elmi nəticələrinə əsaslanır. Yəni müəllimin “Scopus” və “Web of Science” bazalarında neçə məqaləsinin olması, həmin məqalələrə edilən istinadların sayı və məqalələrin hansı kvartillərdə dərc olunması əsas meyar kimi götürülür. Lakin bu yanaşma müəllim peşəsinin əsas tərəflərindən biri olan tədris və pedaqoji fəaliyyəti müəyyən mənada kölgədə qoyur. Yeni yanaşmamızın əsas məqsədi müəllim obrazına daha geniş prizmadan baxmaqdır. Biz hesab edirik ki, müəllim yalnız tədqiqatçı deyil, eyni zamanda güclü pedaqoq da olmalıdır. Buna görə də müəllimlərin pedaqoji bacarıqlarının qiymətləndirilməsi yeni modelin əsas istiqamətlərindən birinə çevriləcək”.

Ə.Muradov əlavə edib ki, eyni vəzifədə çalışan bütün dosentlərin və ya professorların fəaliyyətinin eyni səviyyədə olmadığı nəzərə alınsa, bu fərqləri daha obyektiv şəkildə müəyyənləşdirmək vacibdir: “Məqsədimiz odur ki, daha yüksək nəticələr göstərən, daha tələbkar və daha keyfiyyətli tədris həyata keçirən müəllimlər digərlərindən fərqləndirilsin və onların əməyinə uyğun olaraq daha yüksək əməkhaqqı ödənilsin.

İngilis dili üzrə həyata keçirdiyimiz yeniliyin fəlsəfəsi də məhz bu yanaşmaya əsaslanır. Ənənəvi olaraq müəllim auditoriyaya daxil olur, 90 dəqiqə dərs keçir və auditoriyanı tərk etdikdən sonra “mən öyrətdim”, - deyə düşünür. Halbuki əsas məsələ nə qədər danışdığımız və ya nə qədər mövzu keçdiyimiz deyil. Əsas məsələ tələbənin gözü ilə baxaraq onun nə öyrəndiyini müəyyən etməkdir”.

““Nə öyrətdim?” modelindən “nə öyrənildi?” modelinə keçirik”, - deyən rektor bildirib ki, ingilis dili proqramının yekun nəticələri də bunu göstərəcək: “Biz öz fəaliyyətimizi tələbələrin əldə etdikləri nəticələr əsasında qiymətləndirəcəyik. Ola bilər ki, biz özümüz dərsi çox yaxşı keçdiyimizi düşünək, lakin əsas göstərici tələbələrin nə qədər öyrənməsi olacaq. Bu yeniliyin əsas fəlsəfəsi məhz tədris prosesini müəllim mərkəzli yanaşmadan tələbə mərkəzli yanaşmaya keçirmək, nəticəni isə öyrətməklə deyil, öyrənmə ilə ölçməkdir”.

TOP XƏBƏRLƏR