A

"525-ci qəzet"

ƏDALƏT MURADOV: "UNEC-in TƏLƏBƏLƏRİ VƏ MÜƏLLİMLƏRİ BİRLİKDƏ, ƏL-ƏLƏ TUTARAQ AZƏRBAYCANIMIZI DAHA İRƏLİYƏ APARMAQDA PREZİDENTİMİZƏ DƏSTƏK OLACAĞIQ"

İyun ayının 19-da regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olur.

UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

UNEC-in rektoru, professor Ədalət Muradov deyir ki, Ümumilli lider Heydər Əliyevin universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər laqım olduğunu kollektiv qarşısında duran əsas vəzifə kimi qoymuşdur. Bu vəzifələr universitetin inkişaf strategiyasının əsasını təşkil edir və davamlı olaraq müvəffəqiyyətlə icra olunur.

Rektorun sözlərinə görə, ilin əvvəlində UNEC-in 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib və hazırlıqlara başlanılıb. Plana əsasən, müxtəlif beynəlxalq elmi konfransların təşkili, Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi haqda filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, həmçinin, maraqlı müsabiqələrin, konsert və şouların, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulub: "Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumunun, eləcə də "İqtisadçı Tələbələrin I Bakı Forumu"nun, Yubiley məzun gününün və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də "UNEC 90" yubiley tədbirləri təşkil olunacaq. Həmçinin, Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə 11-13 iyun tarixlərində UNEC-in 90 illik yubileyinə həsr olunacaq 16-cı Beynəlxalq Strateji İdarəetmə Konfransı keçiriləcək".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, UNEC-də tələbələrə dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanı yaradılır: "Biz şərait yaradırıq ki, sən UNEC-də oxuya-oxuya seçim edib London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunu qazanasan. Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxuya-oxuya Rusiyanın Ali İqtisad Məktənin diplomunu da əldə edə bilərsən. Biz vəd edirik ki, Fransanın Monpelye Universiteti ilə, məsələn, Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən, dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu bizim universitetdə oxumaqla qazana bilərsən. Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi, Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığımız var. Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxumaqla xarici dilini daha mükəmməl öyrənmək imkanına nail olacaqsan. Bu haqda bizim çox ciddi dəyişliklərimiz, islahatlarımız olacaq. Biz tələbələrimizə vəd edirik ki, sənin İKT üzrə biliklərin sənin rəqabət üstünlüyün olacaq. Ən vacibi isə, mən rektor olaraq buna zəmanət verirəm ki, UNEC-də müəllim-tələbə münasibəti kitablarda yazılan, filmlərdə göstərilən münasibətlərə oxşar olacaq. Bütün bunların nəticəsində UNEC-ə gələn tələbə təkcə bilikli, savadlı, hazırlıqlı, bacarıqlı mütəxəssis yox, həm də bizim ölkəmizi sevən, vətənimizin gələcəyi üçün həyatını və canını qurban verməyə hazır olan bir vətəndaş olacaqlar. Bütovlükdə biz vəd edirik ki, UNEC-in tələbələri və müəllimləri birlikdə, əl-ələ tutaraq Azərbaycanımızı daha irəliyə aparmaqda Prezidentimizə dəstək olacağıq".

Professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir: "Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir.  UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən birinə çevriləcək".

Ş.Əsgərov bildirib ki, UNEC uniRank reytinq təşkilatının 2020-ci ilin fevralında açıqladığı "Dünya universitetlərinin reytinqi"ndə ölkə birincisi olub. 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralamasında UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək dünyada 225-ci yerə yüksəlib. uniRank-in regional reytinq göstəricisi olan "Asiyanın 200 ən yaxşı universiteti" sıralamasında isə UNEC 167 pillə irəliləyərək qitənin 27-ci ən yaxşı universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, İstanbul Universiteti) və regionun bir sıra digər məşhur universitetlərini qabaqlayıb. Adıçəkilən reytinqdə UNEC Azərbaycan birincisi olub: "Bu, UNEC-in qazandığı növbəti uğurdu. Son 5 ildə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil və tədqiqatlar sahəsində ciddi keyfiyyət dəyişikliyi baş verib. Təcrübə göstərir ki, bu ali məktəbə təyin olunmuş rektor uğura imza atmağın rasional yolunu bilir. Rektor Ədalət Muradov rəhbərlik etdikləri ali məktəbdə üfüqi idarəetmənin tətbiqi yolu ilə bacarıqlı kadrları prosesə cəlb etməyi və qısa zamanda rəqabət mühitinin yaranmasına öz töhfələrini verməyi bacarıb".

Təhsil Eksperti Məlahət Mürşüdlü isə deyib ki, UNEC innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir: "Bu, yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib". Onun sözlərinə görə, UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır, akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir. Universitet fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir, universitetin üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır. UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır, səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq dünyanın elm müzakirə mərkəzinə çevrilib. Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in professorlarının elmi nəşrləri "Thomson Reuters" kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir".

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay