A

"525-ci qəzet"

PROFESSOR KLAUS ŞVABIN "DÖRDÜNCÜ SƏNAYE İNQİLABI" KİTABI İLƏ BAĞLI DÜŞÜNCƏLƏR

Uzun müddətdən bəri dünya texnologiyanın səbəb olduğu bir sürət mərhələsində idi və bu, insanlarda mental yorğunluqla, əzginliklə müşahidə edilirdi. Hər şey o qədər sürətli idi ki, sanki artıq insanları heç nə xoşbəxt etmir, heç nə məmnunluq, tətminkarlıq duyğusu yarada bilmirdi. Nəhayət, bu süstlüyə və biganəliyə COVİD-19 son qoydu. Evlərə çəkilib yavaşımaq insanların necə çılğıncasına davrandıqlarını anlamalarına yardımçı oldu. Artıq hazır olmalıyıq. Hər şey sonra daha da sürətlənmək üçün yavaşıyıb.

Məni belə düşünməyə Dünya İqtisadi Forumunun icraçı sədri, professor Klaus Şvabın Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Dördüncü sənaye inqilabı" kitabı vadar elədi (Kitabın elmi redaktoru professor Ədalət Muradov, tərcüməçiləri E.Bağırzadə və T.Əlizadədir).

Texnologiyanın iqtisadi, sosial, mədəni və insani baxımdan yenidən necə formalaşacağı ilə bağlı ümumi fikirlərini bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarovun kitaba yazdığı "Ön söz"də vurğuladığı kimi, yeni dönəm yalnız texnologiya sahəsində çalışan insanları yox, hər bir kəsi yaxından maraqlandıran məsələ olmalıdır. Bu baxımdan kitabın ana dilimizə tərcümə olunaraq nəşr edilməsi böyük önəm daşıyır.

Bəs, nə üçün dördüncü sənaye inqilabı haqqında hər birimiz əvvəlcədən məlumatlı və bu prosesə hazır olmalıyıq?

Üçüncü sənaye inqilabıyla gələn kompüterləşdirmə mərhələsinə keçid aldığımız dönəmlərdə bir çox işlərin elektron portallar vasitəsilə həyata keçirilməsinə başlanıldı. Kompüterləşmə prosesi barədə hər kəs məlumatlı olsa da, çoxları buna hazır deyildi. Məsələn, orta statistik azərbaycanlı ailə evin mebellərini yeniləmə ehtiyacı duysa da, bu elektron cihaza sahib olmaq haqqında düşünmürdü. Yaxud da, kompüterə videolar izləyəcəkləri, oyunlar oynaya biləcəkləri cihaz kimi baxırdılar. Zamanla vəziyyət o həddə gəldi ki, evdə kompüterin olması lüks yox, zərurət halını aldı. Dövlət qurumlarında çalışan minlərlə insan kompüter bilikləri qazanmaları üçün məcburi kurslara göndərildi. Yaşlı nəsil elektron çağa alışana qədər gənc nəsillə aralarında uçurum yarandı. Məsələn, kompüter bilikləri, internetlə bağlı heç bir məlumatı olmayan valideyn bu qara qutudan gələ biləcək təhlükələrə qarşı da hazırlıqsız idi və hazırlıqsız da yaxalandı. Bu isə böyük ailəvi problemlərə rəvac verdi. Valideyn övladını təhlükəli sosial şəbəkələrdən qoruya, onu məlumatlandıra bilmirdi, çünki bu təhlükələrdən özü də xəbərsiz idi. Sonra - ard-arda evdəki, cibdəki qara qutunun səbəb olduğu bədbəxt hadisələr baş verdikcə, bu dəfə elektronlaşmaya qarşı bir partizanlıq, internet düşmənçiliyi başladı. Evdəki, cibdəki qara qutular da oldu günah keçisi, bütün pisliklərin baiskarı. Bu, alışılmayana, gözlənilməyənə qarşı adaptasiya prosesinin bir mərhələsi idi.  Amma zaman və dəyişən sistemə uyğunlaşma məcburiyyəti istəsə də-istəməsə də, bütün insanları elektron çağa adaptasiya məcburiyyəti ilə üz-üzə qoydu. Dönüb 15 il geriyə baxsaq, yaşayış tərzimizin dilinin, əlifbasının necə dəyişdiyini müşahidə edə bilərik. Burada bir haşiyəyə çıxdım və yaxın keçmişə ayna tutaraq, əslində,  dördüncü sənaye inqilabına hazırlıqlı olmağımızın niyə bu qədər vacibliyini izah etməyə çalışdım.

Hamımız nəyinsə astanasında olduğumuzun fərqindəyik. Məlumatı olan da, olmayan da - hər kəs nəsə olacağını gözləyir. Xüsusilə COVİD-19 bəlasından sonrakı normallaşma çağında normaların dəyişəcəyini hamı gözləyir. Hələ 2011-ci ildə dünyanın ən böyük iqtisadi sərgisi olan Hannoverdə yeni sənaye inqilabının başlaması ilə bağlı məlumat yayılmışdı. 2013-cü ildə isə Almaniya ilk dəfə dördüncü sənaye inqilabına keçid etdiyini, 2020-ci ilə işarə edərək, bu prosesin sürətlənəcəyini və 2024-cü ildə tamamilə oturuşacağını bildirmişdi. İndi biz bu inqilabın bir addımlığında dayanmışıq. Nəsə baş verəcək və bu baş verəcəklər haqqında yalnız qulaqdan dolma məlumatlara sahib olduğumuz üçün yeni dönəmə hazır deyilik. Təəssüf ki, Azərbaycanda və qonşu ölkələrdə biznes baxımından az sayda sərmayəçi və biznes adamı var ki, dördüncü sənaye inqilabının tələblərinə uyğunlaşa və yeni dönəmdə davamlılığını təmin edə biləcək. Bu inqilab ənənəvi iş və biznes anlayışlarını iflic edəcək gücdə bir dalğadır və bu dalğanın qarşısında tab gətirmək çox çətin olacaq. Buna baxmayaraq, kimliyindən və vəzifəsindən asılı olmayaraq, yeni çağa hazır olmaq zərurəti hər kəs üçün labüddür. Və professor Klaus Şvabın "Dördüncü sənaye inqilabı" kitabı bu məsələdə bizə doğru yol göstərə biləcək bir mənbədir.

Bu kitabı siyasətçilər nə üçün oxumalıdır? Çünki yarana biləcək qlobal işsizlik və radikal dəyişiklik daşları yerindən oynadacaq. Buna görə də hər an ciddi sistem və üsul dəyişikliklərinə getmək zərurətinin fərqində olmaq lazımdır.

Müəllimlər niyə oxumalıdır? Çünki təlim prosesinin distantlaşması, elektronlaşması tədris üsullarını da dəyişəcək. Yeni metodikalar kəşf etmək, onları sınaqdan keçirmək məhz müəllimlərin üzərinə düşəcək.

Valideynlər niyə oxumalıdır? Hələ kompüterləşmə mərhələsinin başında öz dərsini almış valideynlər artıq anlamalıdır ki, yeniliklərlə mübarizə aparmaq, onlara dirənmək həm övladlarını, həm ailə münasibətlərini, həm də iş həyatlarını zədələyəcək. Buna görə, əllərindən gəldiyi qədər prosesin içində olub ona inteqrasiya etməyə, maksimum bilgi sahibi olmağa çalışmalıdırlar. Övladlarını ənənəvi ixtisas seçimlərinə yönləndirmək əvəzinə, gələcəkdə işsiz qalmamalarına görə çağın tələbatına uyğun, yeni yaranan və yaranacaq sahələr üzrə ixtisaslaşmaları üçün onlara istiqamət verməlidirlər.

İş adamları niyə oxumalıdır? Çünki bir ölkənin gücü onun iqtisadiyyatıdır və burada sərmayəçilərin, biznesmenlərin rolu danılmazdır. Onların sarsılması, zəifləməsi ölkə iqtisadiyyatına zərər verməklə yanaşı, həm də siyasi xaos yarada bilir.

Digər sahələrdə çalışanlar da eynilə yeni dönəmə adaptasiya olmaq üçün bu kitabdan bəhrələnməlidirlər.

Professor Klaus Şvab kitabında məhz bu məsələlərdən narahatlığını ifadə edir. Dördüncü sənaye inqilabına cavab verə bilmək üçün mövcud iqtisadi, sosial və siyasi sistemlər üzərində yenidən düşünməyin vacibliyini önə çəkən müəllif yeni dönəm üçün əsas sayılan liderlik və anlayış səviyyəsinə gəlməyin önəmindən söz açır. Professoru ən çox narahat edən isə bütün sahələrdə sistemin başında düzgün mənəvi dərinliyə sahib liderlərin az olmasıdır. Şvaba görə, bu olmasa, dördüncü sənaye inqilabının bizə vəd etdiyi gözəlliklər onun çirkinliklərinin kölgəsində qalacaq. Buna görə də, o, yeni dönəmdə insanların dörd zəka növünü də  - ağıl, qəlb, ruh və bədən - yüksək səviyyəyə çatdıra bilmələrinin zəruriliyindən bəhs edir.

Kitabda 23 yeni  texnoloji sistemdən də danışılır və onların faydaları ilə zərərləri qruplaşdırılır.  Bu 23 yenilik dünyaya ağlagəlməz sürət vəd edir.  Hazırda təxminən 40 milyard əşya internetə bağlı olaraq çalışma xüsusiyyətinə sahibdir. Bundan sonra isə  sıra bizdədir. Artıq şəxsiyyət vəsiqələri olan yox, İP kodlarına malik çipli insanlara çevrilmə mərhələsinə keçid alırıq. Buna etiraz etmə şansımızın olmadığı isə açıq şəkildə ortadadır.

Ümumilikdə, bu sənaye inqilabının insanın əzələ gücünə  ehtiyacını sıfıra endirəcəyi düşünülür. İnsanların böyük əksəriyyətinə qorxu filmi kimi gəlsə də, nəhəng qaranlıq zavod və fabriklər artıq elektron cihazların bir-birinə ötürəcəyi siqnallar vasitəsilə çalışacaq. Beləcə, elektrik enerjisinin israfı azalacaq, işçi maliyyəti sıfıra enəcək və nəticədə səhvsiz işləyən sistem yaranacaq. Bəs bu ehtiyac haradan doğur? Çünki insan düşünən və hiss edən, yorulan və fikri dağılan canlı olduğundan iş mühitində onun yol verdiyi səhvlər maliyyə itkilərinə yol açır. Bu işlər üçün kodlanmış robotlar isə  səhvsiz və mükəmməl çalışma gücünə sahib olacaq və nəticədə işsizlik artacaq. Artan işsizlik həm ölkələr üçün təhdid xarakteri daşıyacaq, həm də maddi və mental baxımdan insanların həyat səviyyəsinə təsir göstərəcək. İşsizliyin artmasının əsas səbəblərindən biri isə insanların yeni dönəmə adaptasiya ola bilməməsidir. Artıq insan bədəninə və əzələsinə ehtiyac qalmayacağı, yalnız zehni fəaliyyətlərin fenomenləşəcəyi bir dönəmdə biz homo sapiens olmaqdan çıxacağıq. Beləcə, yeni növ insan da yaranmış olacaq - yalnız beyninə və düşüncə gücünə ehtiyac duyulan insan.

Professor Şvabın bu kitabını oxuduqca heyrətləndim, göz bəbəklərim hədəqəsindən çıxacaq qədər təəccübləndim. Hərdən kitabı bağlayıb "Mən bu çağa hazırammı?" qayğısını da yaşadım. Təəssüf ki, texnologiyaya maliyyə ayırmayan, ənənəvi biznes anlayışlarına sadiq olduğumuzdan bütün sənaye inqilablarında iştirak edə bilmədiyimiz kimi, bizim bu prosesdə də iştirakımız müşkül görünür. Amma bu dəfə izləyici olmaq şansımız yoxdur. Prosesə adaptasiya ola bilmədinsə, yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqsan. Hər şey sürətli və sərt olacaq. Buna görə də nə qədər gec deyil, yeni bilik və  bacarıqlara yiyələnməli, yeni dönəm haqqında informasiyaya sahiblənməliyik.

Belə görünür ki, dördüncü sənaye inqilabının önəmini anlamaq, bu prosesi kifayət qədər biliyə və bacarığa sahib olanlarla yanaşı, həm də hər kəsin yararına olacaq şəkildə mənimsəmək üçün yeni düşüncə tərzi formalaşdırmaq lazım gələcək. Fərdlərə, kütlələrə, təşkilatlara və dövlətlərə təsir edəcək texnologiyaları lazımi formada dərk etmək yalnız bu yolla mümkün olacaq. Ən vacib olan da elə budur. Bizim aid olduğumuz cəmiyyət, təşkilat və qurumlar içərisində yüksək texnologiyalarla bağlı strateji müzakirələr yürütmək qabiliyyətini mənimsəməyimiz baxımından "Dördüncü sənaye inqilabı" kitabı böyük əhəmiyyətə malikdir. Bu kitab yeni dönəmdə dünyanı ortaq insan dəyərlərinə uyğun şəkildə formalaşdırmaq üçün bizim ən böyük köməkçimizə çevrilə bilər.  Və bu da olar professor Şvabın bəşəriyyət qarşısında savabı...

Natəvan ABDULLA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay