A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanası arasında onlayn formatda əməkdaşlıq görüşü keçirilib.

Görüşü UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva açaraq, UNEC KİM-in fəaliyyəti barədə ətraflı məlumat verib. O, UNEC kitabxanalarının əsas fəaliyyət istiqamətləri, oxucu xidmətləri, resursları və rəqəmsal imkanları haqqında danışıb. Təqdimat zamanı mərkəzin veb səhifəsi library.unec.edu.az vasitəsilə e-kataloq, e-kitabxana və digər onlayn xidmətlər, həmçinin UNEC-in abunə olduğu beynəlxalq elmi bazalara çıxış imkanları nümayiş etdirilib.

Sonra NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova çıxış edərək, kitabxananın fəaliyyəti, kitab fondu, iş rejimi, elektron resurslardan istifadə imkanları barədə məlumat verib. O, universitetin Taylor & Francis, Clarivate, ProQuest və EBSCO Information Services kimi beynəlxalq elmi bazalara çıxış imkanına malik olduğunu və bu resurslar vasitəsilə 20 milyona yaxın elektron mənbənin universitetin tələbə və müəllim heyətinə təqdim edildiyini qeyd edib.

Görüş çərçivəsində NDU Elmi Kitabxanasının elektronlaşma üzrə mütəxəssisi Şəhriyar Quliyev beynəlxalq elmi bazalardan səmərəli istifadə ilə bağlı geniş təqdimatla çıxış edib.

Sonda hər iki universitetin kitabxana mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri, birgə layihələrin həyata keçirilməsi, elmi məlumat və e-resurs mübadiləsinin genişləndirilməsi, rəqəmsal əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay