A

UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovanın təşəbbüsü ilə 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə “Təhsil sistemində kitabxanalararası tandem: Universitet və məktəb kitabxanalarının tərəfdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı UNEC KİM direktoru, Adilə Abdullayeva açaraq 22 oktyabrın əlamətdar gün olduğunu vurğulayıb və tədbirin məqsədinin informasiya savadlılığının artırılması, kitabxana-informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və kitabxanalararası əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib.

Tədbir UNEC KİM direktoru Adilə Abdullayevanın moderatorluğu ilə davam edib. Müzakirələrdə ADA Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, AMEA Mərkəzi Elmi Kitabxanası, “Kaspi” liseyi və Fövqəladə Hallar Nazirliyinin Akademiyasını təmsil edən kitabxana mütəxəssisləri çıxış ediblər.

Çıxışlar arasında ADA Kitabxanasının direktoru Elçin Məmmədovun “ADA Məktəb Kitabxanaları: formalaşması və inkişafı”, ADA İbtidai Məktəb Kitabxanasının əməkdaşı Cavidan Səfərlinin “Təcrübədən tətbiqə: Universitet kitabxanası təcrübəsinin ADA İbtidai Məktəbinə adaptasiyası”, Xəzər Universiteti KİM direktoru Aytac Misgərlinin “Universitet və məktəb kitabxanalarının əməkdaşlığı: təhsilin inkişafına birgə töhfə”, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Səyyarə Məmmədovanın “Müasir məktəb kitabxanaları və pedaqoq kitabxanaçı” və digər təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

UNEC Əsaslı Kitabxananın müdiri Yusif Musayev isə “Rəqəmsal mühitdə universitet və məktəb kitabxanalarının əməkdaşlıq modelləri” mövzusunda çıxış edərək yeni texnoloji trendlərdən bəhs edib.

Arzu Məmmədova “Müasir təhsil sistemində məktəb kitabxanalarının artan əhəmiyyəti” mövzusunda çıxış edərək UNEC tələbələri arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb və gənc oxucuların təkliflərini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə “Kaspi” liseyinin rəhbərliyi və fəal oxucu-şagirdlər UNEC KİM 24/7 Kitabxanasının qonağı olublar və Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə hazırladıqları əl işini kitabxanaya hədiyyə ediblər.

Müzakirələr qarşılıqlı təcrübə mübadiləsi, yeni əməkdaşlıq istiqamətləri və birgə layihə təşəbbüsləri ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay