Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) birinci kurs tələbələri ilə görüş keçirilib.
ISE-nin direktoru dosent İnarə Rzayeva yeni qəbul olan tələbələrlə görüşüb. Tələbə adını qazanması münasibətilə I kursları təbrik edən, İ.Rzayeva onlara təhsillərində uğurlar arzulayıb.
Tələbələrə təhsil aldıqları Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən söz açan İnara xanım fakültəyə keçid balının ötən dövrlərlə müqayisədə yüksəldiyini bildirib. O, bu il 5 ixtisasa 179 tələbənin qəbul olduğunu, onlardan 112 tələbənin 600 və daha yüksək bal topladığını, ən yüksək nəticənin isə “Maliyyə” ixtisası üzrə 666 bal olduğunu qeyd edib.
Həmçinin tələbələrə UNEC-dəki tədris prosesinin və imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verib. UNEC-ə qəbul olan respublika və beynəlxalq fənn olimpiadalarının qaliblərinə, eləcə də 600 və daha yüksək bal toplayan abituriyentlərə 100 AZN məbləğində xüsusi təqaüd, hər semestrdə fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyini deyib. İnarə Rzayeva tələbələrə bu üstünlüklərdən yararlanmağı tövsiyə edərək, onları UNEC-in ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağa səsləyib. Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə xüsusi istedadı olan tələbələrə UNEC-in Yaradıcılıq Mərkəzinin dərnəklərinə üzv olmağı və Radio UNEC-in imkanlarından yararlanmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.