A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov açaraq, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasətin Prezident cənab İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildiyini bildirib. Ə.Ələkbərov bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünün və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpa etdiyini, Azərbaycan xalqının Böyük Qələbə ilə Böyük Zəfər yaşadığını qeyd edib. O, tarixi Zəfərin Ulu öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin parlaq təcəssümü olduğunu vurğulayıb.

Vətən müharibəsi iştirakçısı, artilleriya bölmə komandiri polkovnik-leytenant İntiqam Ələsgərov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, rəşadəti, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığı və peşəkarlığının dünya tərəfindən öyrənilməsinin qürurverici olduğunu söyləyib.

Tədbirin sonunda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, tədbirdə iştirak edən qonağa təşəkkürünü bildirib və tələbələrin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay