“İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Azərbaycan xalqı tarix boyunca müəyyən zülmlərə məruz qalmışdır. Ən ağır zülmlərdən biri də ermənilərin Azərbaycana, onun əhalisinə törətmiş olduğu qırğınlardır.
2018-ci il 8 may tarixində Nikol Paşinyanın hakimiyyətə gəlməsi xalqımızda sülhün olacağına dair bir ümid yaratdı. Ancaq ATƏT-in Minsk qrupunun təşkil etdiyi görüşdə Paşinyanın Qarabağ ərazisinə iddia qaldırması və həmin ərazidə yallı gedib, şənlik keçirməsi xalqımızda əsəb hislərini oyatdı.
2016-cı il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşləri nəticəsində Polad Həşimov, İlqar Mirzəyəv kimi şəhidlər verməyimiz xalqı ayağa qaldırdı. Hərbi xidmətə hədsiz sayda müraciət artmışdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrində müharibə başlandı. İlk gündən itkilərimiz olsa da, Azərbaycan Hərbi Hava Qüvvələri Ermənistanın çoxlu canlı texnikasını məhv etdi. Müharibə boyunca ön cəbhədə öz canını heçə sayan, qazanmaq üçün əlindən gələni ardına qoymayan minlərlə igidimiz cəsarətlə vuruşur, arxa cəbhədə isə Azərbaycan xalqı bir olub qazanacağımıza ümid edir, ön cəbhəyə lazımi dəstəyi göstərirdi. Azərbaycan xalqı bir bayraq altında “Vətən” deyərək birləşmişdi. Ermənistanda isə işlər qarışıq idi. Məğlubiyyət əldə etmələrinə baxmayaraq Ermənistan hökuməti bunu gizlədir, öz xalqına yanlış hesabatlar verirdi. Aldığı məğlubiyyətlərdən qıcıqlanan Ermənistan öz gücünü Azərbaycan ordusu qarşısında deyil, mülki əhali qarşısında, Gəncəyə, Bərdəyə, Tərtərə bomba ataraq öz zəifliyini nümayiş etdirdi.
Bütün olanlara baxmayaraq müzəffər ordumuz Azərbaycan torpaqlarını azad etməyə başladı. 2020-ci il 8 noyabr tarixi Azərbaycan tarixinə Şuşanın azad olunma tarixi kimi keçməsi müharibədə dönüş nöqtəsi oldu. Ali Baş Komandan cənab İlham Əliyev bu şad xəbəri Şəhidlər Xiyabanı qarşısında açıqladı.
8 Noyabr – Xalqımızın 30 illik həsrətinə son qoyan, Vətən torpağını işğaldan azad edən qəhrəmanlarımızın adının qızıl hərflərlə yazdığı, millətin ürəyində əbədi yer tutduğu bir gün oldu. 2020-ci il 10 noyabr tarixində tərəflər arasında müqavilə nəticəsində Azərbaycan bu müharibədə qalib çıxdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonunun bir çox kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunmuşdur. Bu zəfər sevincini hər kəs göz yaşlarına boğularaq yaşadı. Çünki həsrət bitmişdi.
Bu Qələbəni başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla bütün Azərbaycan ordusuna, qazilərimizə, şəhidlərimizə və şəhid ailələrinə borcluyuq və onların qarşısında baş əyirik.
Bakının Azadlıq meydanında 2020-ci il dekabr ayının 10-da keçirilmiş möhtəşəm Zəfər paradı 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu.
2023-cü il noyabrın 8-də belə bir paradın məhz Xankəndi şəhərində keçirilməsi isə Prezidentimiz cənab İlham Əliyevin uğurları sırasındadır.
Artıq o torpaqlarda Azərbaycan muğamı səslənir, Azərbaycan bayrağı dalğalanır!
Fatimə Albalıyeva, Günay Rəhimli,
Maliyyə və mühasibat fakültəsinin I kurs tələbələri