UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
ISE-nin direktoru, dosent İnara Rzayeva çıxış edərək, xüsusən yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı mübarizənin əhəmiyyətini qeyd edib. O, bu problemin cəmiyyətin inkişafına ciddi zərər verən amillərdən biri olduğunu bildirərək, gənclərin narkotik vasitələrdən uzaq durması üçün maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra UNEC Psixoloji xidmət mərkəzinin rəhbəri, psixoloq Şəfahət Abdullayeva “Gənclər narkomaniyaya yox deyir” mövzusunda çıxış edib. O, tələbələrə sağlam həyat tərzini təşviq etməklə yanaşı, narkotiklərdən uzaq durmağın fiziki və psixoloji sağlamlıq üzərindəki mənfi təsirlərini izah edib. Şəfahət Abdullayeva, xüsusilə gənclərin sosial və emosional inkişafında narkomaniyanın yaratdığı təhlükələri vurğulayaraq, məktəb, ailə və cəmiyyət olaraq narkomaniya ilə mübarizədə həmrəy olmağın zəruriliyini bildirib.