Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllülük Həftəsi”nin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdən öncə vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova açılışda çıxış edərək, UNEC tələbələrinin könüllülük fəaliyyətindən söz açıb. O, tələbələrin hər zaman universitetin, eləcə də ölkənin sosial-ictimai həyatında fəal iştirak etdiklərini diqqətə çatdıraraq, UNEC-də 13 tələbə təşkilatının, o cümlədən UNEC Könüllülər Təşkilatı və Rəqəmsal Könüllülər Təşkilatının fəaliyyət göstərdiyini deyib. S.Qəndilova UNEC tələbələrinin ölkənin könüllülük hərəkatında aparıcı rol oynadıqlarını xüsusi vurğulayıb.
Sonra Milli Məclisin deputatı, millət vəkili Ceyhun Məmmədov könüllülük fəaliyyətinin önəmindən söz açaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərinin fəallığını yüksək qiymətləndirib. Millət vəkili könüllülük fəaliyyətinin dövlətin gənclər siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdıraraq, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.
Tədbirin təşkilatçısı, UNEC-in Tələbə-rektoru Nihad İsgəndərov “UNEC Könüllülük Həftəsi” barədə məlumat verərək, layihənin məqsədinin tələbələrdə könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, ictimai fəallığı artırmaq, onlara sosial məsuliyyət anlayışını aşılamaq olduğunu deyib. O, Könüllülük Həftəsində müxtəlif tədbir və layihələrin, intellektual və idman yarışlarının, ekskursiyaların təşkil olunacağını, könüllülük fəaliyyətlərinin uğurlu nümunələri və təcrübələri barədə infosessiyaların keçiriləcəyini bildirib.
Sonra DOST Könüllüləri Mərkəzinin nümayəndəsi Humay Qasımlı çıxış edərək, DOST proqramı, DOST könüllülərinin fəaliyyəti haqqında ətraflı məlumat verib. UNEC-in fəal DOST könüllüsü Səid Əsgərov öz fəaliyyətindən söz açıb.
Bakı Şəhər Halqası Könüllülərinin işəqəbul və təlimlər üzrə mütəxəssisi Əli Xəlilov isə gənclərin yeni layihələrdə aktiv iştirakından danışıb, sonra tələbələrlə interaktiv oyun keçirərək, aktiv tələbələrə hədiyyələr təqdim edib.
Tədbirdə çıxış edən UNEC-in Formula1 könüllüsü Röya Fərəcova, “İdman Könüllüləri Azarkeşlər” İB sədri Atanur Cəfərli, MEDİA Könüllüləri üzrə məsul şəxs Aynur Zeynallı, UNEC-in fəal media könüllüsü Nəzirə Rəhimli çıxış edərək, könüllülük fəaliyyətləri ilə bağlı təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “UNEC Könüllülər Həftəsi” dekabrın 11-dək davam edəcək.