A

UNEC-də tələbələrin könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onların sosial-ictimai fəallığını artırmaq məqsədilə keçirilən “Könüllülük Həftəsi” uğurla yekunlaşıb.

Könüllülük həftəsi UNEC tələbələrinin iştirakı ilə bir-birindən maraqlı, interaktiv və maarifləndirici tədbirlərlə yadda qalıb.

Layihənin ilk günündə tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyasında iştirak edərək, daha yaşıl gələcəyə töhfə veriblər. Bununla yanaşı, Radio UNEC-də könüllülük fəaliyyətindən bəhs edən xüsusi proqram yayımlanıb.

Həftənin açılış mərasimində millət vəkili Ceyhun Məmmədov, tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova, bir sıra könüllü təşkilatlarının nümayəndələri könülüllük fəaliyyəti ilə bağlı çıxışlar ediblər. Könüllü təşkilatlarının fəal üzvləri isə öz təcrübələrini bölüşüblər. Tədbirdə tələbələr arasında viktorinalar təşkil edilib və qaliblər mükafatlandırılıb.

Həftə ərzində təşkil edilən seminarlar və təlimlərdə tələbələr şəxsi inkişaf, liderlik və komanda işi kimi yumşaq bacarıqlar qazanıblar. “Könüllülük və şəxsi inkişaf” mövzusunda keçirilən təlimlər zamanı gənclər həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələniblər. “Conversation Club”larda isə tələbələrin xarici dil biliklərini inkişaf etdirmək üçün səmimi mühit yaradılıb.

Tələbələr fakültələrarası inşa müsabiqəsi, voleybol və intellektual yarışlarda,  eləcə də film nümayişində böyük həvəslə iştirak ediblər. Yarışlarda qalib gəlmiş tələbələr fəxri fərman və medallarla mükafatlandırılıblar.

Həftə, həmçinin, oxu mədəniyyətini təşviq edən tədbirlərlə də yadda qalıb. UNEC Rəqəmsal Könüllülər Təşkilatının təşkil etdiyi oxucu yarışmasında tələbələr seçilmiş kitab üzərində müzakirələr aparıblar və təltif olunublar.

Könüllülük Həftəsi UNEC-in fəal tələbələrinin mükafatlandırılması ilə yekunlaşıb. UNEC-in tələbə-rektoru Nihad İsgəndərov, eləcə də Rəqəmsal Könüllülər Təşkilatı, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, UNEC Future Club, UNEC Könüllülər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərləri fəal könüllüləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

TOP XƏBƏRLƏR