A

UNEC və HES-SO ali idarəetmə məktəbinin əməkdaşlığı çərçivəsində səfərin 8-ci günü tələbələrə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin dekanı İnarə Rzayeva “Qlobal Bazarın Geoiqtisadi Dəyişiklikləri Kontekstində Beynəlxalq Ticarətin İnkişafı” adlı mövzuda mühazirə keçib. Mühazirədə Azərbaycan iqtisadiyyatının qlobal bazardakı mövqeyi haqqında müqayisələr və geoiqtisadi dəyişikliklərin beynəlxalq ticarət dinamikasına necə təsir etməsi haqqda ətraflı məlumat verilib.

Daha sonra UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Nərgiz Seyidzadə tərəfindən Biznes mühitində Yumşaq Bacarıqlar (Soft skills) adlı təlim keçirilib. Təlimdə yumşaq bacarıqların iş həyatınakı əhəmiyyəti haqqında məlumat veriləndən sonra, şirkətlərdə baş verən real praktiki situasiyaların simulasiyası keçirilib və tələbələr situasiyalardakı həll yolları barədə çıxışlar edib.

Günün ikinci yarısında tələbələr Abşeron Logistika Mərkəzinə işgüzar səfər ediblər. İlk olaraq, tələbələrə Mərkəzin İnsan Resursları və İnzibati departamenti əməkdaşları tərəfindən Abşeron Logistika Mərkəzinin fəaliyyəti, inkişaf tarixi və Azərbaycanın logistika sektorundakı əhəmiyyətli rolu haqqında əhatəli məlumat verilib. Ardınca Mərkəzin Vahid Pəncərə Departamenti əməkdaşları tərəfindən struktur bölmənin iş prosesi ilə bağlı detallı məlumat verilib. Burada tələbələr müştərilərə göstərilən yüksək səviyyəli xidmətlərin necə təşkil edildiyi və əməliyyatların vahid pəncərə sistemi vasitəsilə sadələşdirilməsi ilə yaxından tanış olublar.

Səfər zamanı tələbələrə həmçinin Mərkəzin törəmə şirkətlərindən MB Broker-in fəaliyyəti barədə də geniş məlumat verilib. Şirkət rəhbərliyi gömrük bəyannamələrinin hazırlanması prosesi və broker xidmətlərinin təşkili barədə iştirakçıların suallarını cavablandırıb.

Səfərin yekununda isə qonaqlar Mərkəzin 3PL (Üçüncü Tərəf Logistika) anbarını ziyarət ediblər. İştirakçılara 3PL konsepsiyası, malların qəbulundan başlayaraq, saxlanılması və yüklənməsinə qədər bütün mərhələlər əyani şəkildə nümayiş etdirilib. Tələbələr, həmçinin, anbarın idarə olunması və avtomatlaşdırılmış proseslər barədə məlumat alaraq, beynəlxalq təcrübə ilə müqayisə etmə imkanı qazanıblar.

TOP XƏBƏRLƏR