A

Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universiteti (UrDİU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə keçirilən XV Avrasiya İqtisadi Gənclər Forumu 21–25 aprel tarixlərində yekun mərhələsi ilə başa çatıb.

Forumun Azərbaycan platformasında UNEC-in Rus İqtisad Məktəbinin müəllimi, Gənc Müəllimlər Şurasının sədri Fərəh Rəhmaninin təşəbbüsü ilə “İqtisadçılar və Maliyyəçilər Konqresi” çərçivəsində “Ərazilərin rəqabətqabiliyyətliliyi” adlı beynəlxalq müsabiqə təşkil olunub. UNEC-in tələbələri bu müsabiqədə fəal iştirak edərək universiteti uğurla təmsil ediblər.

Tələbələrin təqdim etdiyi tədqiqat işləri aşağıdakı istiqamətləri əhatə edib:

  1. Mikroiqtisadiyyat– müəssisə və təşkilatlar arasında qarşılıqlı əlaqə səviyyəsi;
  2. Mezoiqtisadiyyat– regional və sektor səviyyəli institutlar;
  3. Makroiqtisadiyyat– milli və dünya iqtisadiyyat institutları.

Azərbaycan mərhələsində təqdim edilən layihələr UNEC-in Rus İqtisad Məktəbinin müəllimləri – dos. Lalə Həmidova, dos. Sevinc Bayramova, dos. Zenfira Novruzova, dos. Nailə Axundova, dos. Leyla Əlixanova və dos. Tahirə Kərimova tərəfindən ekspert qismində qiymətləndirilib.

Milli mərhələnin qalibləri Ekaterinburq şəhərində Ural Dövlət İqtisad Universitetində keçirilən superfinalda iştirak ediblər. Nəticədə UNEC-in Rus İqtisad Məktəbinin III kurs tələbəsi Murad Kazımov birinci yerə, tələbə Fidan Əhmədova isə üçüncü yerə layiq görülüblər. Qaliblər təntənəli şəkildə mükafatlandırılıb.

Səfərdən sonra UNEC-in Rus İqtisad Məktəbinin direktoru qaliblərlə və onların elmi rəhbərləri ilə görüş keçirərək, forum çərçivəsində əldə olunan təcrübə və gələcək elmi fəaliyyət istiqamətləri barədə müzakirələr aparıb.

TOP XƏBƏRLƏR