UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində tələbələrin maarifləndirilməsi məqsədilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında fakültənin dekan müavini Ramal Cabbarov çıxış edərək bildirib ki, reproduktiv sağlamlıq yalnız xəstəliklərin qarşısının alınması ilə kifayətlənmir. Bu, həmçinin sağlam münasibətlərin qurulması, düzgün qərarların verilməsi və gələcək həyatın planlaşdırılması baxımından hər bir insanın fiziki, emosional və sosial rifahını əhatə edən mühüm bir sahədir. Ailə planlaşdırılması isə valideyn olmağın vaxtı və uşaqların sayı ilə bağlı seçim etmək azadlığıdır və bu biliklər gələcəyin sağlam və məsuliyyətli şəkildə qurulmasında mühüm rol oynayır.
Sonra UNEC-in 3 saylı Tələbə Poliklinikasının həkim-terapevti Tamella Abdullayeva və həkim-laborantı Telli Qulamova çıxış edərək tələbələri reproduktiv sağlamlıq, ailə planlaşdırması və onun müxtəlif üsulları, diaqnostik metodlar və müalicə imkanları barədə ətraflı məlumatlandırıblar. Onlar ailə planlaşdırmasının yalnız ana və uşaq sağlamlığının qorunması üçün deyil, həm də təhsilin davam etdirilməsi, karyera planlaması, iqtisadi sabitlik və ümumilikdə cəmiyyətin rifahının artırılması baxımından vacib olduğunu vurğulayıblar.
Çıxışların sonunda tədbir iştirakçıları “Məlumatlı olun, güclü olun, çünki sağlam gələcək öz əlinizdədir” şüarı ilə maarifləndirilib və tələbələrin sualları cavablandırılıb.