A

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) təşkilatçılığı ilə “UNEC Tələbələrin Gözü ilə” layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə UNEC-in Tələbələrlə İş üzrə Prorektoru, i.e.n., dos. Səadət Qəndilova universitetin son 10 ildə qazandığı uğurlara toxunub. O, UNEC-də tələbəyönümlü ali təhsilin nümunəvi modelini və tələbələrin hərtərəfli inkişafını vurğulayıb. Layihənin ilk iştirakçısı olan Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələrinə universitetin sosial həyatından və təhsil imkanlarından ətraflı məlumat verib.

Səadət Qəndilova tələbə təşkilatlarının fəaliyyəti, layihə və təşəbbüslərin dəstəklənməsi, həmçinin tələbə rektor institutunun əhəmiyyəti barədə geniş məlumat verib. UNEC-in 95 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər və məzunların qazandığı nailiyyətlər barədə də fikirlərini bölüşüb. Mərasimdə tələbələrə uğurlar arzulayıb.

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) sədri, UNEC Kitabxana-İnformasiya Mərkəzinin müdir müavini və "Biznesin İdarə Edilməsi" kafedrasının müəllimi Yusif Musayev, UNEC məzunlarının davamlı uğurlarının əsas səbəblərindən birinin tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, əlverişli akademik və sosial mühitdə yetişməsi olduğunu qeyd edib. O, həmçinin layihə çərçivəsində tələbələrin universitetlərini qonaqlara təqdim etdiyini və UNEC-in rəqəmsal tədris prosesi, innovativ təhsil mühiti, sosial həyat və təhsil imkanları haqqında gələcəyin potensial iqtisadçılarına əyani məlumat verdiklərini vurğulayıb.

UNEC-in Maliyyə və Mühasibat fakültəsinin IV kurs tələbəsi, SUES-in idarə heyətinin üzvü Jalə Teymurlu, artıq işıq üzü görmüş “UNEC Tələbə Tədqiqatları” jurnalının təqdimatı və tələbə tədqiqatlarının dəstəklənməsi mexanizmləri barədə danışıb.

UNEC-in tələbə rektoru, İqtisadiyyat və İdarəetmə fakültəsinin IV kurs tələbəsi Nihad İsgəndərov, tələbələrə universitetin 1 saylı kitabxanasını təqdim edərək, burada tətbiq olunan açıq rəf üsulu, ənənəvi və elektron xidmətlər, dərslərə və imtahan sessiyalarına hazırlıq üçün kitabxananın fondundan necə effektiv istifadə etməli olduqlarını izah edib.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2-ci kurs tələbəsi, SUES-in idarə heyətinin üzvü Hüseyn İsayev təhsil aldığı məktəbi təqdim edərək, ISE-nin tədris proqramı, beynəlxalq mübadilə imkanları və digər üstünlükləri haqqında məlumat verib.

UNEC Biznes Məktəbinin 1-ci kurs tələbəsi, SUES-in idarə heyətinin üzvü Nərmin Tağıyeva, MBA proqramının beynəlxalq akkreditasiyaları, qəbul aparılan ixtisaslaşmalar və praktik tədris metodları barədə məlumat verib.

UNEC-in Maliyyə və Mühasibat fakültəsinin I kurs tələbələri təhsil aldıqları ixtisasın üstünlükləri, fakültənin tədris mühiti və praktik dərslər haqqında təqdimat ediblər.

UNEC-də fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin təqdimatını I kurs magistr tələbəsi Nahid Şirməmmədli edib. O, sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılmış Mərkəzin fəaliyyətindən danışıb.

UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, Rus İqtisad Məktəbinin III kurs tələbəsi Gülşən Yusifova, UNEC Extern Mərkəzini təqdim edərək, burada tələbələrə verilən təhsil imkanlarını təqdim edib.

Həmçinin, UNEC Biznes Məktəbinin 1-ci kurs magistr tələbəsi Həsən Səmədov UNEC-in 24/7 işləyən kitabxanasının təqdimatını edib. O, UNEC kitabxanasının tələbələr üçün əlverişli şərait yaratdığını və burada təqdim olunan xidmətlər barədə məlumat verib.

Layihə iştirakçıları UNEC muzeyi ilə də tanış olublar və universitetin şanlı tarixini əks etdirən eksponatlar barədə məlumat veriblər.

VİDEO

TOP XƏBƏRLƏR